“Mən hesab edirəm ki, təkcə Günəş elektrik enerjisinin istehsalı Naxçıvanda təqribən ən azı 500 meqavat ola bilər, ən azı. Ola bilər 1000 meqavat da olsun. Burada əsas məsələ bunun ixrac imkanlarıdır. Bunun üçün, əlbəttə ki, aidiyyəti ölkələrin qurumları ilə danışıqlar aparılmalıdır və aparılır”.
1xeber.media xəbər verir ki, bunu Prezident İlham Əliyev AzTV-yə müsahibəsində deyib.
“Eyni zamanda, ötürücü xətlərin imkanlarını genişləndirməliyik. Çünki təbii ki, bu gün həm İrana, həm Türkiyəyə Naxçıvandan da elektrik xətləri var, ancaq onların imkanı bir qədər məhduddur. Yəni 500 meqavat, hətta 1000 meqavat elektrik enerjisini ixrac etmək üçün burada təbii ki, hələlik iki istiqamət var: biri Türkiyə, biri İran. Amma gələcəkdə bu, Avropa da ola bilər.
Ona görə Zəngəzur dəhlizini konkret layihələrlə təmin etməyimiz daha geniş məna daşıyır. Təbii ki, Zəngəzur dəhlizini - bu ideyanı və bu təşəbbüsü biz irəli sürəndə, ilk növbədə nəqliyyat seqmenti nəzərdə tutulurdu. Amma biz bu gün buna daha geniş baxırıq. Misal üçün, Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi bizdə hazırdır.
İşğaldan azad edilmiş Cəbrayıl rayonunda çox böyük yarımstansiya inşa olunmuşdur. O yarımstansiyanın əsas funksiyası ötürücü fəaliyyətdir. Yəni belə yarımstansiyalara çevirici yarımstansiyalar deyirlər. Bu, daxili təminat üçün yox, yəni böyük enerji həcmlərinin ötürülməsi üçün tikilib. O hazırdır. O, məhz Zəngəzur elektrik dəhlizi üçün tikilmişdir.
Ermənistan ərazisində bizim mütəxəssislər tərəfindən aparılan təhlil nəticəsində hətta yerlər də müəyyən edildi - harada elektrik dirəkləri quraşdırılmalıdır. Ümid edirəm ki, Ermənistan tərəfi də bu məsələni uzatmayacaq. Çünki bu, birinci onların özlərinə lazım ola bilər. Çünki onların bu gün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarəetməsi onların əlində deyil. Bu birincisi. İkincisi, bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq. Ona görə, necə deyərlər, bir əlavə mənbənin olması ancaq xeyir gətirə bilər”, - Prezident bildirib.

















