Naxçıvan Muxtar Respublikası bu gün özünün yeni inkişaf mərhələsinə daxil olur.
1xeber.media xəbər verir ki,bunu report-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, dövlət başçısının Naxçıvana səfəri çərçivəsində keçirilən tədbirlər, baş tutan açılışlar və verilən mesajlar muxtar respublikanın bu gün özünün yeni inkişaf mərhələsinə daxil olduğunu göstərir:
"Naxçıvanda həyata keçirilən layihələrə nəzər saldıqda, burada kompleks və sistemli yanaşmanın olduğunu görürük. Günəş elektrik stansiyasının yaradılması, Naxçıvan Sənaye Parkının inkişafı, yeni sosial layihələrin həyata keçirilməsi, otel və digər infrastruktur layihələrinin reallaşdırılması, ictimai nəqliyyatın yenilənməsi bu siyasətin konkret nəticələridir. Səfər zamanı Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlinin qoyulması, "Əcəmi seyrangahı"nda memar Əcəmi Naxçıvaninin abidəsinin açılması və Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanışlıq da xüsusi əhəmiyyət daşıyır".
Deputat qeyd olunanları dövlət başçısının ölkənin bütün regionlarının, o cümlədən Naxçıvanın inkişafına xüsusi diqqət və qayğısının nümunəsi kimi qiymətləndirib:
"Burada əsas məqsədlərdən biri Naxçıvanı mühüm iqtisadi və nəqliyyat qovşaqlarından birinə çevirməkdir. Bunun üçün yolların və dəmir yolunun çəkilişi, nəqliyyat imkanlarının genişləndirilməsi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Naxçıvanın uzun müddət blokada şəraitində qalması təəssüf doğursa da, bu vəziyyətin aradan qaldırılması istiqamətində artıq mühüm siyasi və praktiki addımlar atılır. Zəngəzur dəhlizinin açılması Naxçıvanın Azərbaycanın digər bölgələri ilə əlaqələrinin daha da güclənməsinə, regionun nəqliyyat və logistika imkanlarının genişlənməsinə ciddi töhfə verəcək. Eyni zamanda, İran istiqamətində yükdaşımaların artırılması Naxçıvanın regional iqtisadi əlaqələrdə rolunu daha da gücləndirə bilər".
C.Məmmədov vurğulayıb ki, Naxçıvanda yolların çəkilməsi, ictimai nəqliyyatın yenilənməsi, yeni idarəetmə modelinin tətbiqi, sənaye və enerji layihələrinin həyata keçirilməsi məqsədyönlü dövlət siyasətinin nəticəsidir:
"Bu gün biz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün bölgələrinin ardıcıl və planlı şəkildə inkişaf etdirildiyinin şahidiyik. Xüsusilə yeni iş yerlərinin yaradılması və iqtisadi fəallığın artırılması Naxçıvanın gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Naxçıvanın tranzit və logistika imkanlarının daha da genişlənəcəyini, iqtisadi əlaqələrinin güclənəcəyini gözləyirik".
Deputat onu da qeyd edib ki, Prezident İlham Əliyevin Naxçıvana səfəri Azərbaycanın bütün bölgələrinin inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu növbəti dəfə nümayiş etdirib:
"Bu siyasətin nəticəsində ölkəmizin iqtisadi və sosial imkanları genişlənir, regionların potensialından daha səmərəli şəkildə istifadə olunur. Naxçıvanın böyük inkişaf perspektivlərinin olduğunu nəzərə alsaq, inanıram ki, həyata keçirilən layihələr və qarşıya qoyulan hədəflər nəticəsində bu region yaxın illərdə Azərbaycanın mühüm iqtisadi, nəqliyyat və logistika mərkəzlərindən birinə çevriləcək".

















