İstanbulun sabiq Baş konsulu Latviyaya səfir təyin olundu – Nərminə Mustafayeva kimdir? (DOSYE)Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycanın diplomatik korpusunda mühüm kadr dəyişikliyi baş verib. Sərəncama əsasən, ölkəmizin Türkiyənin İstanbul şəhərindəki Baş konsulu vəzifəsində çalışmış Nərminə Elsevər qızı Mustafayeva Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
1xeber.media Azərbaycanın Latviyadakı yeni səfirinin dosyesini təqdim edir:
Nərminə Mustafayeva Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Dillər Universitetini bitirdikdən sonra təhsilini xaricdə davam etdirib və ABŞ-ın Virciniya ştatındakı Old Dominion Universitetində Beynəlxalq biliklər (International Studies) üzrə magistr dərəcəsi alıb. İngilis, rus və türk dillərini mükəmməl bilir.
Gənc yaşlarında media sahəsində fəaliyyətə başlayan N.Mustafayeva 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Azərbaycanın tanınmış müstəqil televiziya şirkəti olan ANS TV-də müxbir, həmçinin populyar “Xəbərçi” proqramının aparıcı-redaktoru kimi çalışıb. Jurnalistika fəaliyyəti dövründə mətbuatda qızlıq soyadı – Nərminə Rüstəmova kimi tanınıb.
Prezident Administrasiyasında 15 illik təcrübə və "Tərəqqi" medalı
Telejurnalistika fəaliyyətini başa vurduqdan sonra dövlət qulluğuna keçən Nərminə Mustafayeva uzun illər Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətində məsul vəzifədə fəaliyyət göstərib. Səmərəli və uğurlu fəaliyyətinə görə Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.
İstanbuldakı uğurlu fəaliyyət və beynəlxalq etiraf
O, 28 iyul 2020-ci ildə Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulu, eyni zamanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi təyin olunub. İstanbulda çalışdığı müddətdə Azərbaycan icması ilə sıx əlaqələr qurub, ölkəmizin maraqlarını yüksək səviyyədə müdafiə edib. Nərminə Mustafayevanın diplomatik uğurları beynəlxalq arenada da yüksək qiymətləndirilib; o, İstanbulda fəaliyyət göstərən xarici ölkə diplomatlarının səsverməsi ilə İstanbul Konsulluq Korpusunun (ICC) sədri seçilib.
Ailəlidir, üç övladı var.
Dövlət başçısının son sərəncamı ilə xanım diplomat fəaliyyətini Avropada, Azərbaycanın Latviyadakı səfirliyinin rəhbəri kimi davam etdirəcək.

















