Naxçıvanda inşa olunan ümumi gücü 50 MVt olan "Şəms 1" və "Qərbi Üfüq" Günəş Elektrik stansiyaları (GES) 40 minə yaxın evə elektrik enerjisi ilə təmin edəcək.
Bunu report-un yerli bürosuna açıqlamasında "Şəıms 1" stansiyasının inşasını həyata keçirən şirkətin Naxçıvandakı rəhbəri Nimet Atalay deyib.
Onun sözlərinə görə, 25 MVt gücündə "Şəms 1" Günəş Elektrik stansiyasının layihəsi üzrə işlərə təxminən 40-45 gün əvvəl başlanılıb: "Hazırda stansiyanın 10 MVt gücündə hissəsinin quraşdırılması başa çatdırılıb və həmin hissə enerji verməyə tam hazırdır".
N.Atalay bu çərçivədə əsas məqsədlərinin gələn ayın 15-dən sonra 25 MVt gücündə olan bütün sahəni tam şəkildə enerjiləndirmək olduğunu vurğulayıb.
Qeyd edək ki, "Şəms 1" layihəsi 52 hektar ərazidə həyata keçirilir. Stansiyanın istismara verilməsindən sonra ildə təxminən 57 milyon kilovat-saat elektrik enerjisinin istehsal ediləcəyi və 19 minə yaxın ev təsərrüfatının enerji ilə təmin olunacağı gözlənilir. Layihə sayəsində hər il təxminən 26 min ton karbon qazı emissiyasının qarşısının alınacağı və 12 milyon kubmetr təbii qaza qənaət ediləcəyi proqnozlaşdırılır.
Naxçıvan şəhərində inşa olunan digər layihə – 25 MVt gücündə "Qərbi Üfüq" Günəş Elektrik stansiyasında topoqrafik işlər artıq tamamlanıb, geoloji tədqiqatlar isə davam etdirilir. Tikinti işlərinə ilin sonunadək başlanılması nəzərdə tutulur. Stansiyanın istifadəyə verilməsi ilə ildə təxminən 61 milyon kilovat-saat elektrik enerjisinin istehsalı və 21 minə yaxın ev təsərrüfatının enerji ilə təmin olunması nəzərdə tutulur.Beləliklə, hər iki stansiyanın istifadəyə verilməsi ilə ümumilikdə 40 minə yaxın ev təsərrüfatının elektrik enerjisi ilə təmin edilməsi gözlənilir.
Hazırda Naxçıvanda 688 hektar ərazi Günəş Elektrik stansiyalarının tikintisi üçün bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyən edilib. Azərbaycanda bərpaolunan enerji mənbələri üzrə ümumi qoyuluş gücü 2070 MVt təşkil edir. Bunun 108 MVt-ı Naxçıvanın payına düşür. "Şəms 1" və "Qərbi Üfüq" stansiyalarının istifadəyə verilməsi ilə Naxçıvanda bu göstərici 158 MVt-a çatdırılacaq.

















