İstanbulda azərbaycanlı iş adamı yaşadığı evdə ölü tapılıb.
1xeber.media Türkiyə KİV-ə istinadla xəbər verir ki, hadisə İstanbulun Qaziosmanpaşa rayonunda Şemsipaşa məhəlləsində yerləşən bir binada baş verib.
Belə ki, mənzildən gələn pis qoxudan narahat olan sakinlər vəziyyət barədə polisə məlumat veriblər.
Məlumatdan sonra ünvana polis, yanğınsöndürmə və təcili yardım heyətləri göndərilib.
Polis yanğınsöndürənlərin köməyi ilə mənzilin qapısını açıb və qonaq otağında bir nəfərin cansız bədənini aşkar edib.
Müayinə zamanı tibb heyəti onun Azərbaycan əsilli iş adamı Rövşən Zeynalov olduğunu müəyyən edib.
Mənzildə axtarış zamanı polis Zeynalovun bacısı Mətanət Zeynalovanı yataq otağında yatarkən aşkar edib.
Psixoloji problemləri olduğu iddia edilən böyük bacının təxminən bir həftədir ki, mərhum qardaşı ilə eyni evdə yaşadığı müəyyən edilib.
Digər tərəfdən, mənzildə aparılan ilkin araşdırmalar zamanı qan izləri aşkar olunub.
Rövşən Zeynalovun cəsədi ölümün dəqiq səbəbini müəyyən etmək üçün Məhkəmə Tibbi Ekspertiza İnstitutunun morquna aparılıb.
Hadisə ilə bağlı araşdırma başlayıb.
“Unikal” qəzetiniın məlumatına görə, 1977-ci il təvəllüdlü Rövşən Zeynalovun nəşi ailəsinə təhvil verilib və bu gün Azərbaycana gətiriləcək.
Onun əslən Qubadlı rayonundan olduğu və Türkiyədə ayaqqabı biznesi ilə məşğul olduğu bildirilir.
Digər məlumatlara görə, azərbaycanlı iş adamı sosial mediada daha çox Bəniz təxəllüsü ilə tanınan tiktoker Aybəniz Xəlilova ilə evli olub. Onların bu evlilikdən Mətin adlı bir oğulları da var.
Qeyd edək ki, Aybəniz Xəlilova bir neçə gün əvvəl Azərbaycan Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri ilə 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib./yeni avaz.com




















