Bu ilin yanvar-iyul aylarında Azərbaycanın emal sənayesində 12 milyard 948,3 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
1xeber.media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % çoxdur.
Emal sənayesində daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (+88,4 %), əczaçılıq məhsullarının istehsalı (+53,9 %), toxuculuq sənayesi (+35,9 %), tütün məmulatlarının istehsalı (+18,4 %), kağız və karton istehsalı (+12,5 %), qida məhsullarının istehsalı (+9,6 %), metallurgiya sənayesi (+9,5 %), maşın və avadanlıqların quraşdırılması və təmiri işləri (+8,5 %), dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı (+8,3 %), elektrik avadanlıqlarının istehsalı (+7,6 %), tikinti materiallarının istehsalı (+7,3 %) sahələrində olub.
Xatırladaq ki, 7 ay ərzində ölkədə sənaye istehsalının ümumi dəyəri illik müqayisədə 0,3 % artaraq 38 milyard 902,4 milyon manat, o cümlədən neft-qaz sənayesi istehsalının ümumi dəyəri 0,4 % azalaraq 26 milyard 177,6 milyon manat, qeyri-neft-qaz sənayesi istehsalının ümumi dəyəri 4,4 % artaraq 12 milyard 724,8 milyon manat olub.

















