1xeber.media xəbər verir ki, Slovakiyanın istefada olan generalı Pavel Matsko Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığının müharibənin gedişinə ciddi təsir göstərə biləcəyini bildirib.
Generalın sözlərinə görə, xüsusilə qarşıdan gələn qış şəraitində strateji obyektlərin müdafiəsində yaranan boşluq Ukraynanın müdafiə imkanlarını əhəmiyyətli dərəcədə zəiflədə bilər.
Matsko qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Patriot” sistemləri üçün raketlərin istehsalına lisenziya versə belə, istehsalın başlanması illər çəkə bilər.
Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın “Patriot” raketlərinin tədarükünü azaltdığını bildirmişdi. Həmçinin iyulun 28-də Ağ Evdə keçirilən görüş zamanı Trampın Ukraynaya “Patriot” raketlərinin verilməsi məsələsində razılıq vermədiyi barədə məlumat yayılmışdı.
















