Azərbaycanda uşaqların fərdiliyinin və ailə hüquqlarının qorunması ilə bağlı qanunvericiliyə yeni dəyişikliklərin edilməsi təklif olunub. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirə olunan “Uşaq hüquqları haqqında” qanun layihəsində uşağın adı, milli mənsubiyyəti və ailə əlaqələrinin hüquqi baxımdan qorunmasına dair yeni müddəalar yer alır.
Dəyişikliklərə əsasən, uşağa ad verilməsi prosedurunun Ailə Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Ümumiyyətlə, uşağın adı valideynlərin qarşılıqlı razılığı əsasında müəyyənləşdirilir. Valideyn himayəsindən məhrum olmuş uşaqlarda isə bu məsələyə qəyyumluq və himayə orqanları qərar verir.
Yeni mexanizmə görə, qəyyumluq orqanlarının uşağın adı ilə bağlı qəbul etdiyi qərarlar elektron sistemə operativ şəkildə daxil edilməlidir. Bunun üçün bir iş günü müddəti müəyyənləşdirilir. Bu yanaşmanın əsas məqsədi məlumatların vahid rəqəmsal bazada vaxtında əks olunmasını və prosesin daha şəffaf aparılmasını təmin etməkdir.
Deputat Aydın Mirzəzadə 1xeber.media-ya açıqlamasında bildirib ki, uşaqların adlandırılması ilə bağlı oxşar yanaşmalara müxtəlif ölkələrin qanunvericiliyində də rast gəlinir:
“Bəzi ölkələrdə uşağa ad seçilərkən dövlət tərəfindən müəyyənləşdirilmiş ad siyahılarından istifadə olunur. Siyahıda olmayan adın seçilməsi zamanı isə vətəndaşa məhkəməyə müraciət etmək imkanı verilir. Belə mexanizmlərin tətbiqində əsas məqsəd uşaqların gələcəkdə öz adları ilə bağlı hüquqi və sosial problemlərlə üzləşməsinin qarşısını almaqdır. Bəzi hallarda valideynlərin seçdiyi adlar uşağın gələcək həyatında narahatlıq və psixoloji çətinliklərə səbəb ola bilər. Onun fikrincə, yeni yanaşma məhz bu kimi halların qarşısının alınmasına xidmət edə bilər”.
Aysel

















