İspaniyanın cənubundakı Qranada əyalətində ard-arda üç zəlzələnin baş verməsi bölgədə təşvişə səbəb olub.
1xeber.media xəbər verir ki, təkanlar nəticəsində bəzi binalara ziyan dəyib, azı üç nəfər yüngül xəsarət alıb.
Ehtiyat tədbiri olaraq tarixi Əlhambra Sarayı kompleksinin bəzi hissələrinə giriş məhdudlaşdırılıb, bir sıra muzey və idman obyektləri bağlanıb.
İspaniyanın Milli Coğrafiya İnstitutunun (IGN) məlumatına görə, çərşənbə axşamı bölgədə üç zəlzələ qeydə alınıb. Ən güclü təkan Qranada şəhərindən təxminən 10 kilometr cənubda yerləşən Qocar şəhərində baş verib.
Saat 10:37-də qeydə alınan 4,7 bal gücündə zəlzələ dayaz dərinlikdə baş verdiyindən ətraf yaşayış məntəqələrində güclü hiss olunub. Ardınca qısa fasilələrlə daha iki təkan baş verib.
Əndəlüs regional fövqəladə hallar üzrə rəsmisi Antonio Sanz zəlzələlər nəticəsində ən azı üç nəfərin yüngül xəsarət aldığını, bir uşağın isə ehtiyat tədbiri olaraq xəstəxanaya aparıldığını bildirib.
Son zəlzələlər şənbə günü Qranadada qeydə alınan 5,0 bal gücündə təkanlardan bir neçə gün sonra baş verib.
Şənbə günü baş verən zəlzələ tarixi tikililərə ciddi ziyan vurmasa da, yeni təkanlardan sonra hakimiyyət orqanları UNESCO-nun Ümumdünya İrsi siyahısında yer alan Əlhambra Sarayı kompleksinin bəzi hissələrinə turistlərin girişini dayandırıb.
Qranada əyalət administrasiyası bir sıra inzibati binaların, muzeylərin və idman obyektlərinin də bağlandığını açıqlayıb. Zəruri səhiyyə mərkəzlərinin fəaliyyətini davam etdirdiyi bildirilib.
Ehtiyat tədbiri olaraq Qranada metrosunda qatarların hərəkət sürəti saatda 30 kilometrə endirilib, şəhərdəki bəzi hotellər isə müvəqqəti olaraq təxliyə edilib.















