
Onlayn alış-verişə marağın artması ilə yanaşı, məhsulun sifarişə uyğun göndərilməməsi, ümumiyyətlə çatdırılmaması və ya satıcının öhdəliklərini yerinə yetirməməsi ilə bağlı şikayətlər də çoxalır. Belə hallarda istehlakçıların öz hüquqlarını bilməsi böyük əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı hüquqşünas Elnur Məmmədov 1xeber.media-ya açıqlamasında qeyd edib ki, onlayn alış-veriş zamanı sifariş edilən məhsulun göndərilməməsi, sifarişə uyğun olmaması və ya satıcının digər müqavilə öhdəliklərini yerinə yetirməməsi istehlakçı hüquqlarının pozulması hesab oluna bilər:
“Belə hallarda istehlakçı ilk növbədə sifarişin təsdiqi, ödəniş qəbzi, yazışmalar və digər sübutları toplamalı, satıcıya yazılı qaydada müraciət edərək pozuntunun aradan qaldırılmasını, məhsulun dəyişdirilməsini, pulun geri qaytarılmasını və ya vurulmuş zərərin ödənilməsini tələb etməlidir. Satıcı istehlakçının qanuni tələblərini könüllü şəkildə yerinə yetirmədikdə, istehlakçı aidiyyəti dövlət orqanına şikayət edə və ya məhkəməyə müraciət edərək hüquqlarının bərpasını tələb edə bilər”.
O bildirib ki, məhkəmə baxışı zamanı satıcının məsuliyyəti tərəflər arasında yaranmış müqavilə münasibətləri, təqdim olunan sübutlar və qanunvericiliyin tələbləri əsasında müəyyən edilir:
“Azərbaycan qanunvericiliyinə görə, istehlakçı satıcının qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində dəymiş maddi zərərin ödənilməsini, qanunda nəzərdə tutulmuş hallarda isə digər hüquqi müdafiə vasitələrinin tətbiqini tələb etmək hüququna malikdir. Bu baxımdan, onlayn alış-veriş zamanı bütün ödəniş sənədlərinin, sifariş məlumatlarının və yazışmaların saxlanılması hüquqların müdafiəsi üçün mühüm əhəmiyyət daşıyır”.
Aysel















