ABŞ Prezidenti Donald Tramp İrana qarşı iqtisadi müharibə elan etdiyini açıqlayıb.
1xeber.media xəbər verir ki, o,bu barədə “Truth” sosial şəbəkə hesabında paylaşım edib.
“Bu, görünməmiş təcrid və iqtisadi müharibə miqyası olacaq”, - Tramp yazıb.
ABŞ Prezidenti Tehranı razılaşma əldə etmək üçün yaradılmış fürsətdən istifadə etməməkdə günahlandıraraq, İrana qarşı “görünməmiş miqyasda” iqtisadi müharibənin başladığını bildirib.
Tramp qeyd edib ki, İranla əməkdaşlığı davam etdirən və ya bu ölkəyə maliyyə dəstəyi göstərən dövlətlər də ABŞ-nin iqtisadi tədbirləri ilə üzləşə bilər.
ABŞ Prezidenti bildirib ki, maliyyə qurumlarına, şirkətlərə, hava limanlarına və dövlət strukturlarına İran üçün hər hansı formada “xilasetmə xətti” yaratmağa icazə verən ölkələr iqtisadi nəticələrlə qarşılaşacaq.
Tramp İranın hərbi və iqtisadi vəziyyətini də sərt ifadələrlə qiymətləndirib.
“Onların donanmaları məhv edilib, hava qüvvələri məhv edilib, hərbi fabrikləri artıq xarabalığa çevrilib, valyutaları dəyərsizləşib və ölkələri iflic vəziyyətindədir”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti İranın neft və maliyyə sektoruna da toxunaraq, neft qaçaqmalçılığı, barter mexanizmləri, nağd pul köçürmələri, valyuta mübadiləsi məntəqələri, gəmi reyestrləri və dənizçilik şirkətləri vasitəsilə aparılan fəaliyyətlərin dayandırılmasını tələb edib.
“Bütün bunlara indi son qoyulmalıdır”, – Tramp vurğulayıb.
















