Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın Kiyevə və digər bölgələrə endirdiyi kütləvi zərbədən sonra ABŞ Prezidenti Donald Trampa müraciət etməyi planlaşdırdığı bildirilib.
1xeber.media xəbər verir ki, bu barədə Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel açıqlama verib. Onun sözlərinə görə, Ukrayna lideri Rusiyanın hücumundan sonra Trampı sərt şəkildə tənqid edən müraciətlə çıxış edə bilər.
Mendelin sözlərinə görə, Zelenskinin əsas məqsədi ABŞ prezidentinin diqqətini Rusiyanın hücumlarının miqyasına yönəltmək və Vaşinqtondan Ukraynaya əlavə dəstək göstərilməsini tələb etmək olacaq.
Ukrayna son aylarda xüsusilə hava hücumundan müdafiə sistemləri və raketlərinin çatışmazlığı ilə üzləşir. Zelenski daha əvvəl də Trampa və ABŞ Konqresinə müraciət edərək Ukraynaya əlavə Amerika istehsalı hava hücumundan müdafiə sursatlarının verilməsini istəyib.
Kiyev hesab edir ki, Rusiyanın ballistik raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə həyata keçirdiyi hücumların intensivliyi Ukraynanın hava hücumundan müdafiə imkanlarına ciddi təzyiq yaradır.
Belə bir müraciətin Vaşinqtonun Kiyevə hərbi yardım məsələsində mövqeyinə necə təsir edəcəyi isə hələlik məlum deyil.
















