Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin ölkə büdcəsi üçün daha baha başa gəldiyini və Kiyevin müdafiə xərclərini qarşılamaq üçün əlavə maliyyə mənbələri tapmalı olduğunu bildirib.
1xeber.media xəbər verir ki, Zelenski bu barədə Telegram kanalında yayımladığı videomüraciətdə danışıb.
Ukrayna liderinin sözlərinə görə, hazırda əsas çağırışlardan biri ölkənin müdafiə sektorunun ehtiyacları üçün lazımi maliyyə resurslarının təmin edilməsidir.
“Vəsait tapmalıyıq. Bu, ilk növbədə Ukraynanın müdafiə sektoru üçün ən böyük çağırışdır. Müharibə daha baha başa gəlir və bu, faktdır”, – Zelenski bildirib.
O qeyd edib ki, Rusiya Ukraynaya qarşı təzyiq vasitələrinin sayını artırır. Buna görə də Kiyev yaranan yeni təhdidlərə cavab vermək üçün əlavə resurslara ehtiyac duyur.
Zelenski daha əvvəl Ukrayna Silahlı Qüvvələrinə səfərbərlik prosesində “insani yanaşma”nın təmin edilməsinə çağırıb. Bu açıqlama Yevgeni Xmara Ukraynanın müdafiə naziri vəzifəsinə təyin edilərkən səsləndirilib.
















