Ukraynada prezident seçkilərinin keçirilməsinin Volodimir Zelenski üçün siyasi baxımdan ağır nəticələrə səbəb olacağı iddia edilib.
1xeber.media xəbər verir ki, bu barədə Krım parlamentinin rəhbəri Vladimir Konstantinov RİA Novosti-yə açıqlamasında danışıb.
Konstantinov Ukraynada yaxın zamanda seçkilərin keçirilməyəcəyini bildirib. Onun sözlərinə görə, seçkilərin keçirilməsi Zelenski üçün yalnız siyasi deyil, daha ciddi nəticələrə səbəb ola bilər.
“Seçkilər olmayacaq. Ən azı hələlik. Onlar Zelenski üçün ölüm hökmüdür və bu, yalnız siyasi məsələ deyil”, – Konstantinov deyib.
O, həmçinin iddia edib ki, Qərb ölkələri müəyyən mərhələdə Zelenskini dəstəkləməkdən imtina edə və onu siyasi səhnədən uzaqlaşdıra bilər.
Qeyd edək ki, son günlər Ukraynada seçkilərin keçirilməsi ilə bağlı çağırışlar səslənir. Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov və sabiq xarici işlər naziri Dmitri Kuleba ölkədə idarəetmə böhranının yarandığını bildirərək seçkilərin keçirilməsini gündəmə gətiriblər.
















