ABŞ-ın İrana qarşı maksimum iqtisadi təzyiq siyasətinin Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması ehtimalını azaltdığı bildirilib.
1xeber.media xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent CNBC telekanalına açıqlamasında deyib.
Bessentin sözlərinə görə, Vaşinqton İrana qarşı mümkün qədər sərt iqtisadi təzyiq tətbiq edərsə, genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması ehtimalı azalacaq.
ABŞ maliyyə naziri həmçinin İranın iqtisadi təcridinə yönəlmiş planı açıqlayıb. Plana əsasən, Vaşinqton müttəfiqlərini Tehranla iqtisadi əlaqələri məhdudlaşdırmağa məcbur etməyi planlaşdırır.
Bessent bildirib ki, İranla biznes aparmağa, onun neftini almağa və ya ölkə ilə dəniz daşımaları həyata keçirməyə davam edən şirkət və dövlətlərə qarşı ABŞ Maliyyə Nazirliyi və hökuməti təzyiq göstərəcək.
“İslam Respublikasının iqtisadiyyatını dağıdacağıq”, – deyə ABŞ rəsmisi bildirib.
Qeyd edək ki, Bessent avqustun 14-də İranın iqtisadi təcridinə dair planın hazırlanmasını açıqlamış və Tehrana qarşı “tarixdə görünməmiş tədbirlərin” görüləcəyini bildirmişdi.
















