Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rusiyalı jurnalistlərə qarşı törədilən cinayətlərin məsuliyyətdən kənarda qalmayacağını bildirib.
1xeber.media xəbər verir ki, Zaxarova bu barədə Telegram kanalında paylaşım edib.
Diplomat bildirib ki, jurnalist Darya Duqina və digər rusiyalı media nümayəndələrinə qarşı törədilən cinayətlərin müddəti yoxdur və günahkarlar gec-tez cəzalandırılacaqlar.
Zaxarova 2022-ci il avqustun 20-də Moskva vilayətində Darya Duqinanın öldürülməsi ilə nəticələnən partlayışı da xatırladıb. Onun sözlərinə görə, Duqinanın olduğu avtomobil Mojaysk şosesində partladılıb.
Rusiya XİN-in sözçüsü iddia edib ki, hadisə Ukrayna xüsusi xidmətlərinin hazırladığı terror aktı olub. O, həmçinin beynəlxalq ixtisaslaşmış təşkilatların bu cinayətə lazımi qiymət vermədiyini bildirib.
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti daha əvvəl partlayışın Ukrayna xüsusi xidmətləri tərəfindən planlaşdırıldığını açıqlamışdı. Ukrayna tərəfi isə bu ittihamları rədd edib.
















