Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan bu
gün bölgənin aparıcı dövlətinə və əsas söz sahibinə çevrilib. Ölkəmiz bir çox sahələrdə etibarlı
tərəfdaş kimi qəbul edilir. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən
əsas ölkələrdən birinə çevrilib, 16 Avropa dövləti Azərbaycandan təbii qaz alır və onlardan 10-
u Avropa İttifaqına üzv olan ölkələrdir. Hazırda digər dövlətlərlə əməkdaşlıq əlaqələri
genişlənməkdədir.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan bölgədə tamamilə yeni reallıqlar yaradıb və
bölgənin aparıcı aktoruna çevrilib. Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli
sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və
beynəlxalq təşkilatlar tərəfindən qəbul edilir, dəstəklənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan dövlətinin reallaşdırdığı irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər
dövlətlərin də inkişafına, xalqların rifahına xidmət göstərən həyati əhəmiyyətli faktora çevrilib.
Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına
təkan verir.
Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biri də Mərkəzi Asiya ölkələri ilə
münasibətlərin daha da gücləndirilməsidir. Özbəkistan bu baxımdan xüsusi əhəmiyyətə
malikdir. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə
Azərbaycanın qarşılıqlı münasibətləri xüsusilə son illərdə durmadan genişlənir.
Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o
cümlədən də Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təsisatlar çərçivəsində intensiv
şəkildə inkişaf edir.
İki ölkə arasında əlaqələr 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda
Azərbaycanın Daşkənddə, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə
başlayıb. Bu diplomatik platformada indiyədək 190-dan çox ikitərəfli sənəd imzalanaraq hüquqi
bazanın təməli möhkəmləndirilib. Sənədlər arasında 2022-ci ildə imzalanmış “Strateji
tərəfdaşlığın dərinləşdirilməsi” sənədi xüsusilə seçilir.
İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-
cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq
tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar
da yaxından iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial,
ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.
Əminliklə demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 22-də Özbəkistana
rəsmi səfəri iki qardaş ölkə arasında əlaqələrin daha da möhhəmlənməsinə xidmət edəcəkdir.
Səfər ərəfəsində ölkə başçımız Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə
verib.
Prezident İlham Əliyev müsahibədə bildirdi ki, Azərbaycanla Özbəkistan arasında iqtisadi-ticari
əməkdaşlıq son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Belə ki, Azərbaycanla
Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox
artıb və 795 milyon dollar təşkil edib. Dövlətimizin başçısı bu rəqəmi əla göstərici kimi
dəyərləndirdi.
Dövlətimizin başçısı əlavə etdi ki, iki ölkə arasında tranzit daşımalarında artım müşahidə
olunur. “2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-
iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstərici 675 min ton təşkil edib”, –
deyən Prezident birgə layihələr və onun əhəmiyyətindən də söz açdı. “Özbəkistan tərəfi ilə
həyata keçirilən bir sıra birgə layihələr ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da
genişləndirilməsinə və yeni inkişaf imkanlarının yaradılmasına əhəmiyyətli töhfə verir. İşğaldan
azad edilmiş Füzuli rayonunda “Dostluq bağı” adlandırılan 100 hektarlıq nar bağının
salınmasını, həmçinin “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı sahəsində
əməkdaşlığı bu istiqamətdə xüsusi qeyd etmək olar. Arayış üçün deyə bilərəm ki, 2026-cı il
iyulun 13-nə olan məlumata görə, ümumilikdə “Chevrolet” markalı 10 min 720 avtomobil və
“Isuzu” markalı 275 avtobus istehsal edilib”.
Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib.
Özbək şirkətlərinin Azərbaycanda fəaliyyəti ölkələrimiz arasında qarşılıqlı etimadın, əlverişli
investisiya mühitinin və güclü iqtisadi tərəfdaşlığın göstəricisidir.
Dövlətimizin başçısı iki ölkə arasında mədəni, humanitar və təhsil sahəsindəki qardaşlıq
əlaqələrinin strateji əhəmiyyətini vurğuladı. Özbəkistan Milli Pedaqoji Universitetinin Nizami
Gəncəvi adını daşımasının və Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşasının, habelə
işğaldan azad edilmiş ərazilərin bərpasına dəstəyin qarşılıqlı münasibətlərin ən parlaq
nümunələri kimi qeyd edildi.
Bu cür əməkdaşlıq ortaq dəyərləri qoruyan və gələcəyə yönəlmiş strateji humanitar körpü kimi
dəyərləndirildi.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətləri son
illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə – müttəfiqlik
səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb.
Prezident İlham Əliyev Azərbaycanla Özbəkistan arasında siyasi dialoqun çox yüksək
səviyyədə olduğunu bildirərək son illər həyata keçirilmiş və gözlənilən səfərlər barədə danışdı:
“Sözsüz ki, son beş ildə ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfər və sıx təmaslarımız
bu əlaqələrin dinamik inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait yaradır.
Bu gün eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri yeni dövrün
reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış
170-dən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli
əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb.
Əminik ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq
və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına
xidmət göstərəcək.
Pəhlivan Qarayev,
Sabirabad rayonu, Əli Qurbanov adına Qalağayın kənd tam orta ümumtəhsil məktəbinin
direktoru

















