Özbəkistan Azərbaycan üçün vacib və qardaş ölkədir. Dünyada etnik, mədəni və dil
baxımından bir-birinə yaxın olan çoxsaylı ölkələr var. Lakin bu qədər isti və səmimi
münasibətlərə malik ölkələrin sayı çox azdır. Ölkələrimiz arasında münasibətlərin yüksək
səviyyəyə çatmasında dövlət başçılarının xüsusi rolu var. Azərbaycan və Özbəkistan liderləri
arasında mütəmadi görüşlər keçirilir, çox mühüm sazişlər imzalanır.
Azərbaycan–Özbəkistan münasibətləri dünya miqyasında nümunə kimi göstərilə bilər. Bu da
təbii olaraq ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verir. Ötən il bu isti
münasibətlərin nəticəsi olaraq iki ölkə arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb. Tranzit
daşımalarının həcmində də davamlı artım müşahidə olunur və müsbət dinamika var.
İnvestisiya sahəsində də əlaqələr genişlənir: “Azərbaycanda Özbəkistan investisiyalı 130-dan
çox kommersiya təşkilatı müxtəlif sektorlarda fəaliyyət göstərir. Lakin bununla
kifayətlənməməliyik. Ərazimizdən Orta Dəhliz keçir, bu marşrutun inkişafı üçün institusional
strukturların yaradılması vacibdir və artıq bu istiqamətdə müəyyən addımlar atılır, müvafiq
sərəncamlar imzalanır.
Qarşıdakı dövrdə yaşıl enerji və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsinə ehtiyac
var. Artıq Azərbaycan–Özbəkistan əlaqələri yeni mərhələyə qədəm qoyub. İmzalanan
sənədlər təkcə iqtisadi deyil, bütün sahələr üzrə münasibətlərin inkişafına təkan verəcək. Artıq
yeni mərhələyə keçirik. Yaşıl enerji, rəqəmsal texnologiyalar, trikotaj və digər sahələrdə
əməkdaşlıq genişlənir. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin
yaradılması da bunun göstəricisidir. Artıq birgə məhsullarla dünya bazarlarına çıxmaq
imkanımız yaranır.
Ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün çox əlverişli şərait yaradılıb. Bu əməkdaşlıq
yalnız Azərbaycan və Özbəkistan arasında iqtisadi münasibətlərin inkişafına deyil, bütövlükdə
region ölkələrinə, xüsusilə Türk dünyasına mühüm töhfə verəcək.
Elçin Qiyasov,
Mil-Muğan Regional Gənclər və İdman idarəsinin rəisi

















