Böyük Britaniyada təxminən 400 il əvvəl batdığı güman edilən və kral xəzinələrini daşıyan gəminin mümkün qalıqları aşkarlanıb.
1xeber.media xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.
Söhbət İngiltərə və Şotlandiya kralı I Karlın dövrünə aid “Blessing of Burntisland” adlı gəmidən gedir. Gəmi 1633-cü ildə kralın Şotlandiya hökmdarı kimi tacqoyma mərasimi zamanı Forth körfəzində çevrilərək batıb.
Məlumata görə, gəminin göyərtəsində təxminən 5 ton qızıl və gümüş, kralın şəxsi əşyaları, sənət əsərləri və 280 nəfərlik böyük süfrə dəsti olub.
Tarixi “Burntisland Heritage Trust” təşkilatı 30 ildən artıqdır gəmini axtarır. Avqustun sonunda aparılan axtarışlarda Şotlandiyanın Burntisland şəhərindən təxminən 1,5 kilometr aralıda mümkün qəza yeri aşkarlanıb.
Qalıqlar skanlama üsulu ilə lil qatının altında müəyyən edilib. Tədqiqatçılar həmçinin gəminin hissəsi ola biləcək taxta parçasını sudan çıxarıblar.
Bununla belə, araşdırmaçılar tapıntının məhz kral gəmisinə aid olduğuna tam əmin deyillər və başqa bir gəmi ola biləcəyini də istisna etmirlər.

















