
"Kirayə mənzil hazırda əsas problemdir. Nəyə görə? Çünki tələb və bazarın təklifi arasında çox böyük uyğunsuzluq var. Hər il 50 mindən çox abituriyent tələbə adını qazanır və mövsümi qaydada avqustun ikinci yarısından başlayaraq sentyabrın birinci yarısına qədər daşınmaz əmlak bazarının kirayə seqmentinə müraciət edirlər".
1xeber.media xəbər verir ki, bunu "Unikal"a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib. Onun sözlərinə görə, müraciətlərin sayının çoxalması qiymətlərin artmasına səbəb olur:
"Düzdür, mövcud iqtisadi vəziyyət bir çox tələbələrin tək yox, bir neçə tələbə birləşərək birlikdə mənzil kirayə etməsini zəruri edir və bu da müraciətlərin əvvəlki illə nisbətən daha çox olmasının qarşısını alır. Amma bununla belə, bazara müraciətlər varsa, qiymət artımı təbiidir. Bu da ötən illə müqayisədə təqribən 5-10% qiymət artımının baş vermə ehtimalını yaradır. Adətən bazarda qiymətlər ənənəvi olaraq hər il əvvəlki illərə nisbətən bu qədər artır. Bu artıq daimi faiz artımına çevrilib. "28 May-Nizami" sahəsində qatarların hərəkəti dayandırıldığı üçün həmin əraziyə müraciət edənlərin də digər ərazilərə müraciət etməsi nəticəsində kirayə coğrafiyasında müəyyən dəyişikliklər baş verib.
Bu istiqamətə az, digər istiqamətə isə çox müraciətlər olacağı ehtimal olunur. Bəzi yerlərdə hətta 15% qiymət artımı ola biləcəyi ehtimalı var. Bunu artıq bazar hiss edir, bazarda kifayət kadar fərqli qiymətlər təklif olunur. Baha qiymətlərə rahat kirayə tapmaq mümkündür. Amma tələbələrin sosial vəziyyətini, əksəriyyətin rayonlardan gəldiyini nəzərə alsaq, ailə durumu, ailənin maliyyə vəziyyəti və s. nəzərə alındığı halda çox ciddi məhdudiyyətlər var. Əgər yataqxanalar tikilməsə, dövlət qurumları tərəfindən və yaxud özəl sektor yataqxanalarının tikilməsi üçün təşviq edilməsə, universitetlər mərkəzdən regionlara aparılmasa, bu problem hər il kifayət kadar şişəcək".
















