İordaniyanın aparıcı mətbu orqanları və xəbər saytlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında avqustun 31-də Bişkekdə keçirilmiş görüşə dair materiallar dərc olunub.
1xeber.media xəbər verir ki, “əl-Ray”, “əl-Dustur”, “əl-Ğad”, “Jordan Daily”, “Nayrouz”, “Albaladnews” və “əl-Nabz” nəşrlərində yayımlanan xəbərlərdə görüş zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh gündəliyi üzrə əldə olunan irəliləyişlərin müzakirə edildiyi bildirilib.
Yazılarda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzaladığı Birgə Bəyannamənin, eləcə də Azərbaycan və Ermənistan arasında sülh, dövlətlərarası münasibətlərin yaradılması haqqında Sazişin razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyəti vurğulanıb.
Məqalələrdə sülh prosesinin praktiki nəticələrinə də diqqət yetirilib. Azərbaycanın neft məhsullarının Ermənistana ixracının, üçüncü ölkələrdən taxıl və digər malların Azərbaycan ərazisindən tranzit yolu ilə Ermənistana daşınmasının və iki ölkə arasında ticarət əlaqələrinin yaradılmasının əhəmiyyəti qeyd olunub. Həmçinin Azərbaycan və Ermənistanın işgüzar dairələri arasında təmasların genişləndirilməsi müsbət qiymətləndirilib, iqtisadi, ticarət və enerji sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı imkanlarının müzakirə edildiyi bildirilib.
Xəbərlərdə dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan və Ermənistanın müvafiq dövlət komissiyalarının fəaliyyəti barədə fikir mübadiləsi aparıldığı, tərəflərin komissiyaların əldə olunmuş razılaşmalara uyğun fəaliyyətini davam etdirməsinin vacibliyini vurğuladığı diqqətə çatdırılıb.
İordaniya mətbuatında, həmçinin Vaşinqton görüşünün mühüm nəticələrindən biri olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) ilə bağlı növbəti praktiki addımların müzakirə edildiyi və marşrut üzrə bağlantı layihələrinin həyata keçirilməsinin əhəmiyyətinin vurğulandığı qeyd olunub.
Yazılarda Ermənistan və Azərbaycan arasında parlament üzvləri və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən etimadqurucu təmasların da müsbət qiymətləndirildiyi bildirilib. Qeyd olunub ki, bu cür təmaslar qarşılıqlı etimadın möhkəmləndirilməsinə və daha geniş sülh gündəliyinin dəstəklənməsinə xidmət edir.
Məlumatlarda Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın birbaşa təmaslar vasitəsilə davamlı sülhün möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması və regional bağlantıların gücləndirilməsi istiqamətində praktiki addımları davam etdirmək barədə razılığa gəldikləri vurğulanıb.
İordaniya mətbuatı ölkənin Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyinə də diqqət çəkib. Bildirilib ki, İordaniya Xarici İşlər və Mühacir Məsələləri Nazirliyi Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası çərçivəsində dörd kəndlə bağlı əldə olunmuş razılaşmanı, həmçinin sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında saziş üzrə danışıqların yekunlaşdırılmasını dəstəkləyən bəyanatlar yayıb.
Bundan əlavə, yazılarda Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə Vaşinqtonda əldə olunan irəliləyişlərlə bağlı İordaniya Kralı II Abdullahın ötən il avqustun 11-də Prezident İlham Əliyevlə telefon danışığı apardığı qeyd edilib. Kral II Abdullah əldə olunmuş razılaşmalar münasibətilə Azərbaycan Prezidentini və Azərbaycan xalqını təbrik edib, bu razılaşmaların regionda davamlı sülhün, təhlükəsizliyin və hərtərəfli əməkdaşlığın təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.















