Bakıda tanışını MİDA-dan güzəştli mənzil almaq vədi ilə aldadaraq pulunu ələ keçirən şəxsə hökm oxunub.
1xeber.media xəbər verir ki, Elcan adlı şəxs polisə müraciət edərək tanışı Fərid Əliyevin ona MİDA-nın Hövsan yaşayış kompleksindən güzəştli şərtlərlə mənzil alacağını vəd etdiyini və bunun müqabilində pul aldığını bildirib.
Araşdırma zamanı müəyyən edilib ki, Fərid taksi sürücüsü olub. O, tanışlarına atasının MİDA-da briqadir işlədiyini və görülən işlərin qarşılığında mənzillər verildiyini deyərək onlardan pul alıb. Lakin sonradan onun atasının heç bir tikinti şirkətində və ya tikintidə işləmədiyi məlum olub.
Fərid Əliyev barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıb və o, həbs edilib. Həbsdə olduğu müddətdə digər zərərçəkənə aldığı pulu qaytarıb.
Məhkəmədə təqsirləndirilən şəxs Elcandan aldığı vəsaiti də geri qaytaracağını bildirib və vaxt istəyib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Fərid Əliyevə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron qolbaq taxılıb və həbsdən buraxılıb.

















