Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət Mükafatı laureatı Yaşar Nurinin doğum günüdür.
1xeber.media xəbər verir ki, Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda, tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.
Aktyorluq istedadını atasından alan Yaşar Nuri hələ 11 yaşında səhnəyə çıxıb. O, ilk dəfə “Toy kimindir?” tamaşasında Tapdıq obrazını canlandırıb.
Yaşar Nuri televiziyada da fəaliyyət göstərib. O, “Yelkən” verilişinin aparıcısı olub, “Buratino”, “Qaranquş” və “Pioner” uşaq verilişlərində iştirak edib.
Sənətkar yaradıcılığı ərzində çoxsaylı teatr tamaşalarında və filmlərdə rol alıb. Onun yaratdığı obrazlar Azərbaycan tamaşaçısının yaddaşında silinməz iz buraxıb.
Yaşar Nuri 2012-ci il noyabrın 22-də Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

















