“Vətəndaşla dövlət arasında qarşılıqlı etimad və inamın davamlı olması üçün məmurlarla insanların birbaşa, sərbəst dialoq qura bilməsi olduqca vacibdir.
1xeber.media xəbər verir ki, bu istiqamətdə yerlərdə keçirilən səyyar görüşlər böyük əhəmiyyət kəsb edir”. Bu fikirləri sentyabrın 2-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Haftoni qəsəbə inzibati ərazi dairəsinin sakinləri ilə keçirdiyi növbəti səyyar qəbul zamanı səsləndirib.
Taleh Qaraşov bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsi insanların gündəlik qayğı və problemlərinin öyrənilməsinə, onları narahat edən məsələlərin yerində araşdırılmasına, habelə qaldırılan obyektiv məsələlərin ədalətli həllinə nail olmaq məqsədi daşıyır.Səyyar qəbulda icra başçısı ilə yanaşı, şəhər İcra hakimiyyəti aparatının məsul şəxslərinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, həmçinin yerli idarə və müəssisə nümayəndələrinin iştirakı mühüm əhəmiyyət kəsb edir. Bu, vətəndaşlar tərəfindən qaldırılan məsələlərə operativ reaksiya verilməsinə, həlli imkanlarının yerindəcə araşdırılmasına və nəticədə vətəndaş məmnunluğunun təmin olunmasına şərait yaradır.
Vətəndaşların öz fikir və istəklərini rayon rəhbərliyinə maneəsiz və sərbəst şəkildə çatdırması üçün tam şəraitin yaradıldığı görüşdə Lənkəran ŞİH başçısı vurğulayıb ki, heç bir müraciət diqqətdən kənar qalmır və qaldırılan bütün məsələlər şəxsən onun nəzarətindədir.
Qarşılıqlı açıq dialoq şəklində baş tutan səyyar görüşdə Haftoni qəsəbəsinin, Xanlıqlı və Talışlı kəndlərinin sakinləri onları narahat edən problemləri birbaşa icra başçısına çatdıra bildiklərinə və məsələlərə səmimi yanaşma gördüklərinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Yerli sakinlər vətəndaşlara göstərilən diqqət və qayğının son dövrlər daha da artmasını, sosial dövlət quruculuğu prosesində insan amilinin mərkəzdə dayanmasını və uğurlu sosial-iqtisadi layihələr sayəsində rifah halının hiss olunacaq dərəcədə yüksəlməsini xüsusi vurğulayıblar. Onlar bu müsbət dəyişikliklərə görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.






















