Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili dindirilib.
1xeber.media xəbər verir ki, bu barədə Gürcüstanın “Birinci kanalı” məlumat yayıb.
Kanalın məlumatına görə, Prokurorluq və Daxili İşlər Nazirliyinin nümayəndələri bir qədər əvvəl penitensiar müəssisəyə daxil olublar. Keçmiş Baş nazir müstəntiqlərin suallarını özünün sonuncu açıq məktubu əsasında cavablandırıb. Qaribaşvili həmin məktubda hüquq müdafiəçisi Lazare Corbenadzenin ölümü ilə bağlı şübhəli məqamları qaldırmışdı. İstintaq orqanlarının əməkdaşları həbsxanaya daxil olarkən mətbuata hər hansı açıqlama verməyiblər.
Xatırladaq ki, İrakli Qaribaşvili həbsxanadan yayımladığı qalmaqallı məktubunda “Hüquq müdafiəçisi Lazare Corbenadzenin ölümünün real səbəbi nədir?” sualını verərək, Baş nazir İrakli Kobaxidze və onun müavini Mamuka Mdinaradze hakimiyyəti dövründə baş verən bir çox intihar faktı ilə bağlı cəmiyyətdə cavabsız sualların qaldığını iddia etmişdi.
Məlumat üçün qeyd edək ki, M. Mdinaradze 2025-ci ilin sentyabrında Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri təyin olunub, 2026-cı ilin aprelində bu vəzifədən ayrılaraq Baş nazir müavini və Hüquq-Mühafizə Orqanlarının Koordinasiyası üzrə dövlət naziri postuna keçib. Daha sonra regional inkişaf naziri və regional siyasət üzrə dövlət naziri vəzifələrini icra edib. 2026-cı il avqustun 27-də isə istefa verdiyini və siyasətdən getdiyini açıqlayıb.
Onu da bildirək ki, Gürcüstan Prokurorluğu bəyanat yayaraq Lazare Corbenadzenin intihar etdiyini təsdiqləyib. Bununla belə, qurum bildirib ki, Qaribaşvilinin və digər şəxslərin səsləndirdiyi iddialar nəzərə alınaraq, DİN-də aparılan təhqiqat çərçivəsində Gürcüstan siyasətinin tanınmış simaları da dindiriləcək.

















