Ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə yeni ittiham elan olunduğu barədə məlumat yayılıb. Uzun illər bu vəzifəni tutmuş, sonradan isə bir neçə il AMEA-ya rəhbərlik etmiş Mehdiyev bu dəfə rüşvət almaqda ittiham olunur. Ona qarşı 311-ci – rüşvət alma maddəsi ilə yeni ittiham irəli sürüldüyü bildirilir.
Bu günlərdə mediada gedən məlumata görə, rüşvət ittihamında söhbət Mehdiyevin vəzifə səlahiyyətlərindən istifadə edərək ayrı-ayrı şəxslərdən ümumilikdə cəmi 70 milyon manat rüşvət almasından gedir.
70 milyon manatın hansı müddət ərzində və hansı epizodlar üzrə əldə edildiyi barədə suallar hələ açıq qalır. Lakin əsas məsələ bu deyil. Məsələ 70 milyon rəqəminin özüdür…
Azərbaycanda kimi dindirsəniz deyər ki, bu rəqəmdəki 0-ın biri, hətta ikisi əskikdir. Çünki Evində təkcə xərclik üçün 17 milyon manat saxlayan Mehdiyevin varidatı, mülkləri, biznesləri 10, yaxud 100 milyonlarla deyil, milyardlarla ölçülə bilər. Odur ki, söhbət 70 milyon yox, 7 milyarddan getsə daha inandırıcı görünər.
Onun PA rəhbəri olduğu dövrdə rayon və şəhər icra hakimiyyəti strukturlarındakı rüşvətlə vəzifə təyinatlarından tutmuş büdcə vəsaitlərinin mənimsənilməsinə qədər çox şey Mehdiyevin nəzarətində olub, onun xeyir-duası ilə həyata keçirilib. Sözsüz ki, bu sahədən toplanan bütün rüşvət və digər maliyyə vəsaitlərinin də əsas hissəsi Mehdiyevə çatıb, qalanları isə aşağı vəzifələrdə bölüşdürülüb.
Onun 1995-ci ildən 2019-cu ilə qədər – 24 il bu vəzifəni tutduğunu nəzərə alsaq, təkcə rüşvət yolu ilə toplanan məbləği təsəvvür etmək çətin olmaz. 70 milyonu 24 ilə bölsək, ilə cəmi 3 milyondan da az pul düşür. Bu isə yumşaq desək, gülməli rəqəmdir. 70 milyon Mehdiyevin nəinki 24 ildə, “qılıncının dalı da, qabağı da kəsən” vaxtlarda bir neçə ayda, bəlkə də cəmi 1 ayda məlum “qara-qura yollarla” əldə etdiyi məbləğ ola bilər.
Onun təkcə mətbuatda dərc edilən Azərbaycandakı və xaricdəki mülklərinin, bizneslərinin siyahısına baxanda, adamın gözü qaralır. Bunlar hələ mətbuata çıxanlardır, çıxmayan dəfələrlə artığı mediaya heç məlum da deyil.
Ötən il Bakının Tbilisi prospektində 8 milyon ABŞ dollarına dəbdəbəli villa satışa çıxarılmışdı. Bu villanın Ramiz Mehdiyevə məxsus olduğu çoxdan məlum idi. Tbilisi prospektində 36 sot ərazidə yerləşən bu villanın Mehdiyevin yüksək vəzifədə olarkən tikdirdiyi çoxsaylı mülklərdən biri olduğu, indi isə satışa çıxarıldığı qeyd edilirdi. Ona məxsus belə villalar Azərbaycanın bütün dilbər güşələrində var və yəqin ki, onlarladır…
Ramiz Mehdiyevin ev həbsinı çəkdiyi Novxanı qəsəbəsindəki villasının dəyəri də milyonlarla ölçülür.
Yaxud, hamıya məlum olan və Mehdiyevlər ailəsinin özünün də gizlətmədiyi "Bank BTB" – Ramiz Mehdiyevin daha bir “əsəri”. Bu bankın əsas səhmdarı 76.7 faiz payla Mehdiyevin gəlini idi. Sözügedən bankın bağlanmazdan öncə təkcə Nizamnamə Kapitalı 71.45 milyon manat təşkil etmişdi. Bankın nizamnamə kapitalı səhmdarların vəsaiti ilə formalaşır və yuxarıda qeyd edildiyi kimi, əsas səhmdar Ramiz Mehdiyevin ailəsi, bu ailənin əsas “pul qazananı” isə Ramiz Mehdiyevin özü olub. Yəni, təkcə bankdakı Nizamnamə Kapitalı və adı çəkilən villanın dəyəri 70 milyonu xeyli üstələyir.
Mediada dərc olunan mülklərin siyahısına gəlincə, bildirilir ki, R.Mehdiyevin Novxanıda ucsuz-bucaqsız üzüm bağları, Bakı, Abşeron və Goranboyda əkin təyinatlı 216 hektar torpaq sahəsi var. Novxanı kəndində Mehdiyevlərə məxsus 155 hektar torpaq mövcuddur. Ailənin Goranboyun Xınalı kəndindəki bağının sahəsi 50 hektardır.
Şirkəti Mehdiyevlər tərəfindən qəsb edilmiş sahibkar Mansur İbrahimov deyib ki, ona məxsus olan, sabiq deputat tərəfindən qəsb edilən meyvə bağlarından hər il 10 milyonlarla manat xeyir götürülüb.
Maştağa qəsəbəsindəki keçmiş Subtropik Bitkilər Sovxozunun ərazisində Qalina Mehdiyevaya (xanımı) aid 892 sot, Kamilə Əliyevaya (qızı) məxsus 240 sot torpaq var.
Mehdiyevin gəlini Nigar Mehdiyeva “Digital Media” MMC-nin təsisçilərindən biridir.
“İnfonet” MMC və “Caspian Telekom” MMC Mehdiyevin qızının adınadır. Ramiz Mehdiyevin ailə üzvlərinə və onların yaxınlarına aid olan MTK-ların sayı hesabı yoxdur - “Topaz” MTK, “Qala-R.L” MTK, “NLT” MTK, “Servis” MTK, “Grand Palace” MTK, “Astoriya” MTK, “Astoriya Tibb Mərkəzi” MMC və “Qrandezza” MMC və s. onlara aid edilir.
Bakıda “Gandezza” ticarət mərkəzi - 2014-cü ildə açılışı olan ticarət mərkəzinin 5 min kvadratmetrdən çox sahəsi var.
“Şərq-Qərb” nəşriyyatı da Mehdiyevlərə aiddir. Nəşriyyatın geniş ərazisi var. Torpağın bir hissəsində dördbloklu, 16 mərtəbəli yaşayış binası tikilib. 408 mənzildən ibarət binanı “Şərq-Qərb Mülk” MMC inşa edib. Bu tikinti şirkəti yaxınlıqda daha bir 16 mərtəbəli yaşayış binası da tikib.
“Şərq-Qərb” ASC-nin “orbitində” daha bir neçə şirkət (“Şərq-Qərb Nəşriyyat Evi” MMC, “Qlobal East VVest” MMC) var. Hələ xaricdəki bizneslər və mülklər, bank hesablarında böyük pular da var.
Bir sözlə, saydıqca bitmək bilmir və heç kimdə şübhə yoxdur ki, bu mülklər, bu varidat şəxsən Mehdiyevin bu dövlətin, millətin “belindən çıxardığı” pullar hesabınadır. Bu pullar isə sadəcə, 10 milyonlarla ölçülə bilməz. Odur ki, istər istintaq, istərsə də media bu cür rəqəmlərə daha ciddi yanaşmalıdır. 70 milyon manat Mehdiyevə qətiyyən “yaraşan rəqəm” deyil…
“AzPolitika.info”

















