Bu gün bütün dünyada, eləcə də Azərbaycanda Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü kimi qeyd olunur.
Bu tarix Beynəlxalq Jurnalistlər Təşkilatının 1958-ci ildə Buxarestdə keçirilən IV konqresinin qərarı ilə təsis edilib. Günün məhz 8 sentyabr olaraq seçilməsi təsadüfi deyil. 1943-cü il sentyabrın 8-də faşizm əleyhinə mübarizə aparan, tanınmış çex jurnalisti və publisisti, "Dar ağacından qeydlər" kitabının müəllifi Yulius Fuçik Berlində edam olunub. Dünyanın dörd bir yanındakı media nümayəndələri bu gündə öz peşə həmrəyliklərini nümayiş etdirir, söz azadlığı və jurnalist hüquqlarının müdafiəsi naminə bir araya gəlirlər.
Azərbaycanda media sahəsində aparılan genişmiqyaslı islahatlar və mühüm institusional dəyişikliklər fonunda bu ilki 8 sentyabr xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə media subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsi, jurnalistlərin peşəkarlığının və sosial müdafiəsinin gücləndirilməsi istiqamətdə ardıcıl addımlar atılır. Xüsusilə son dövrlərdə media qanunvericiliyinin yenilənməsi və idarəetmə orqanlarının fəaliyyətinin optimallaşdırılması yerli jurnalistikanın qlobal informasiya məkanına inteqrasiyasını sürətləndirir.
Hazırda Azərbaycan jurnalistikası həm 44 günlük Vətən müharibəsi dövründə, həm də ondan sonrakı regional və qlobal proseslərdə informasiya cəbhəsində mühüm həmrəylik nümayiş etdirərək dövlətin milli maraqlarının və həqiqətlərin dünyaya çatdırılmasında əvəzsiz rol oynamaqdadır.
Biz də 1xeber.media olaraq öz növbəmizdə gecə-gündüz fəaliyyət göstərən, cəmiyyəti obyektiv informasiya ilə təmin edən bütün media nümayəndələrini Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü münasibətilə təbrik edirik!
















