Yeni tədris ili başlayır, amma uşaqlarımız məktəbə elm dalınca yox, sanki ağır atletika yarışına gedirlər! Valideynlərin hər il qaldırdığı, lakin bir növ həllini tapmayan o məşhur problem: məktəbli çantalarının dözülməz ağırlığı. Həkimlər 'bədən çəkisinin 10 faizini keçməsin' deyir, amma real tərəzi tamamilə başqa şey göstərir.
Təsəvvür edin, 25 kiloqram çəkisi olan bir ibtidai sinif şagirdi hər gün çiyinlərində 6-7 kiloqramlıq yük daşıyır. Bu, böyüklərin dilinə tərcümədə hər gün işə gedərkən çiyində 20 kiloqramlıq sement kisəsi daşımaq deməkdir! Qalın dərsliklər, böyük iş dəftərləri, rəsm albomları, su qabları... Nəticədə isə uşaqlarımızın onurğası daha formalaşmamış əyilir, skolioz və qamət pozğunluğu gələcəyin əsas xəstəliyinə çevrilir.
Dünyanın bir çox ölkələrində bu problem məktəblərdə fərdi şkafların quraşdırılması və ya dərsliklərin hissələrə bölünməsi ilə həll olunub. Bizdə isə hələ də uşaqlar hər gün bütün xəzinəni çiyinlərində daşımağa məcburdur. Təhsil islahatları və kurikulumlar yenilənir, bəs uşaqlarımızın belindəki bu ağır yük nə vaxt yüngülləşəcək? Bu sual həm valideynləri, həm də həkimləri düşündürür.
Aidə Tofiqqızı
















