“Beyaz Haydar” ləqəbli Ali Haydar Kurum həbs edilib
Türkiyədə “Beyaz Haydar” ləqəbi ilə tanınan Ali Haydar Kurum həbs edilib.
1xeber.media Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu Kurumun sosial şəbəkələrdə paylaşdığı videolarla əlaqədar araşdırmaya başlayıb.
Onun özünü “Vanlı iş adamı” və Sedat Pekerin yaxın dostu kimi təqdim etdiyi, çəkdiyi videolarda dövlət qurumlarını və Türkiyə xalqını təhqir etdiyi iddia olunur.
Məlumata görə, Ali Haydar Kurum istintaq çərçivəsində saxlanılıb. Məhkəməyə çıxarılan Kurum barəsində həbs qətimkan tədbiri seçilib.
Türkiyə mediası onun qəsdən adam öldürməyə cəhd və hədə-qorxu da daxil olmaqla 11 müxtəlif cinayət üzrə keçmiş qeydinin olduğunu bildirir.















