1xeber.media xəbər verir ki, Almaniya ilə Ukrayna arasında Berlinin Kiyevə göstərdiyi genişmiqyaslı yardımın necə istifadə olunması ilə bağlı fikir ayrılıqları yaranır.
Bu barədə “Berliner Zeitung” yazıb. Nəşrin məlumatına görə, Almaniyanın xarici işlər naziri Yohan Vadeful Ukraynaya dəstəyin davam etdirilməsini getdikcə daha çox Almaniyanın müdafiə sənayesinin də bu yardımdan faydalanması gözləntisi ilə əlaqələndirir.
Qəzetin yazdığına görə, bu yanaşmanın Kiyevdə müsbət qarşılanacağı gözlənilmir. Ukrayna son dövrlərdə öz silah istehsalını artırır, eyni zamanda müdafiə sənayesinə beynəlxalq investor və tərəfdaşlar cəlb etməyə çalışır.
Vadeful hesab edir ki, Ukraynaya hərbi və maliyyə yardımı göstərən Almaniya bununla yanaşı, yardım çərçivəsində yaranan müdafiə sənayesi sifarişlərindən daha çox fayda əldə etməlidir.
Nəşr qeyd edir ki, Almaniyada Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərin nəticələri Ukraynaya yardımların ölkə büdcəsinə nə qədər başa gəldiyini və bunun alman vətəndaşlarına hansı konkret faydalar verdiyini izah etmək zərurətini artırıb.
Berlinin Kiyevə ayırdığı vəsaitlərlə bağlı müzakirələrin sərtləşməsi federal büdcə və Ukraynaya yardım xərcləri ətrafında yaranan mübahisələrlə də əlaqələndirilir. Vadefulun Almaniya vergi ödəyiciləri qarşısında Ukraynaya yönəldilən vəsaitlərin hansı məqsədlərə xərcləndiyini əsaslandırması gözlənilir.
Bundan əvvəl Almaniya hökumətində Ukraynanın Berlindən kifayət qədər silah almamasından narazılığın artdığı bildirilmişdi. Məlumata görə, Kiyev Almaniyanın maliyyəsi hesabına əsasən öz yerli müdafiə sənayesinin istehsal etdiyi sistemləri maliyyələşdirməyə üstünlük verir.
















