1xeber.media xəbər verir ki, Rusiyanın “Rostex” korporasiyasına daxil olan Birləşmiş Təyyarəqayırma Korporasiyası (OAK) Hindistan aviaşirkətlərinə 105 ədəd İl-114-300 regional sərnişin təyyarəsi tədarük etməyi planlaşdırır.
Bu barədə Rusiyanın Sənaye və Ticarət Nazirliyi məlumat yayıb.
Məlumata görə, “İNNOPROM. Hindistan” sərgisində OAK yerli aviaşirkətlərlə İl-114-300 turbovintli təyyarələrinin tədarükü ilə bağlı bir sıra razılaşmalar imzalayıb.
Razılaşmalara əsasən, Pinnacle Air üçün 50, Air Kerala üçün isə 20-yə qədər təyyarənin tədarükü nəzərdə tutulur. Daha 35 təyyarə ilə bağlı Sleek Aviation şirkəti ilə anlaşma memorandumu imzalanıb.
İl-114-300 Rusiyanın regional hava əlaqələrinin inkişafı üçün nəzərdə tutduğu turbovintli sərnişin təyyarəsidir. OAK-ın məlumatına görə, təyyarə kiçik aerodromlardan və qısa uçuş-enmə zolaqlarından istifadə edə bilir.
















