1xeber.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərmanla dövlət vəsaitlərindən, o cümlədən büdcədənkənar vəsaitlərdən istifadə üzərində maliyyə nəzarətinin gücləndirilməsi nəzərdə tutulur.
Sənədə əsasən, Maliyyə Nazirliyinin səlahiyyətləri genişləndirilir və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin gəlir və xərclərinin proqnozlaşdırılması, smetaların hazırlanması və təsdiqi ilə bağlı tədbirlərin görülməsi müəyyən edilir.
Həmçinin dövlət büdcəsi və büdcədənkənar vəsaitlərin təyinatı üzrə və səmərəli istifadəsinə nəzarətin gücləndirilməsi, dövlət investisiya və infrastruktur layihələri üzrə maliyyə ekspertizasının aparılması nəzərdə tutulur.
Fərmanda dövlət vəsaitinin təyinatı üzrə xərclənməməsi və ayrılmış vəsaitdən düzgün istifadə edilməməsi hallarında maliyyələşmənin məhdudlaşdırılması və istifadə olunmamış vəsaitin dövlət büdcəsinə bərpa etdirilməsi ilə bağlı yeni mexanizmlər də müəyyənləşdirilib.
Sənədlə, həmçinin Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin və Dövlət Maliyyə Nəzarəti Xidmətinin səlahiyyətlərinə dəyişikliklər edilib.
















