Sentyabrın 15-dən Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı qısaldılaraq 10 dəqiqə 45 dəqiqədən 35 dəqiqəyə endiriləcək.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, hazırda Xırdalan–Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmir yolu körpüsünün təmiri ilə əlaqədar Xırdalan–Bakı istiqamətində səfər müddəti 45 dəqiqə təşkil edir. Sentyabrın 15-dən yeni hərəkət cədvəlinin tətbiqi ilə bu müddət 35 dəqiqəyə endiriləcək.
Körpünün bərpası başa çatdıqdan sonra sözügedən istiqamətdə sürət həddi bir qədər də artırılacaq. Bakı–Xırdalan istiqamətində səfər müddəti əvvəlki kimi 26 dəqiqə təşkil edəcək, eyni zamanda Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa olunacaq.
Yeni qrafikə əsasən, Bakı–Xırdalan–Bakı marşrutu üzrə reyslərin sayı 26-dan 32-yə çatdırılıb. Xırdalan istiqamətində sərnişin axını nəzərə alınaraq səhər saatlarında əlavə 2 reys, Bakı–Xırdalan istiqamətində isə saat 20:30-a yeni reys təyin edilib. Bununla da şəhərətrafı qatarların gündəlik reyslərinin ümumi sayı 90-dan 96-ya yüksəlib.
Bundan başqa, sentyabrın 15-dən sərnişin axınının daha çevik idarə olunması məqsədilə Bakı Dəmiryol Vağzalında yeni turniket zalı istifadəyə veriləcək. Mövcud 35 turniketə əlavə olaraq yeni zalda 11 turniket quraşdırılıb. Beləliklə, vağzaldakı turniketlərin sayı 32 faiz artaraq 46-ya çatdırılıb.
Qeyd edilib ki, ADY həmçinin turniketlərdə təmassız ödəniş imkanlarını genişləndirib. Hazırda “Visa” ilə yanaşı, “Mastercard” kartları ilə də NFC vasitəsilə gediş haqqını ödəmək mümkündür. Bank kartları ilə ödənilən gediş haqqı artıq səfərin həyata keçirildiyi gün hesabdan çıxılır.
Bundan başqa Bakı və Sabunçu vağzallarında, həmçinin Pirşağı, Xırdalan, Koroğlu, Bakıxanov, Məmmədli və Dərnəgül stansiya və dayanacaqlarındakı turniketlərdə bank kartı ilə keçid üçün əlavə 58 validator quraşdırılıb.
Növbəti mərhələdə isə "SİMA Pay" vasitəsilə üztanıma ilə ödəniş terminallarının sayının artırılması nəzərdə tutulur.

















