Bakı metrosunun müxtəlif stansiyaları arasında məsafələr əslində piyada üçün əlçatmaz deyil.
20 Yanvar – Nizami — 3,3 km / 43 dəq. Dərnəgül – Nərimanov — 4,2 km / 57 dəq. Koroğlu – Nərimanov — 4,9 km / 1 saat 7 dəq. Elmlər Akademiyası – 28 May — 3,4 km / 46 dəq.
Bu istiqamətlərin hər birində məsafə 3–5 km arasındadır. Halbuki 10 000 addım orta hesabla 6,5–8 km məsafəyə uyğun gəlir”.
“Yeni Sabah” xəbər verir ki, bu barədə nəqliyyat və logistika üzrə ekspert Rauf Ağamirzəyev öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, müntəzəm sürətli gəzinti qan təzyiqinə, çəkiyə və ümumi ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər:
“Yəni şəhərin müxtəlif istiqamətlərində gündəlik piyada hərəkət həm real, həm də sağlam həyat tərzinin bir hissəsi ola bilər.
Gəzinti ürək-damar sağlamlığı üçün ən sadə fiziki aktivliklərdən biridir. Müntəzəm sürətli gəzinti qan təzyiqinə, çəkiyə və ümumi ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər. Hətta gündəlik 30 dəqiqəlik sürətli gəzinti də faydalı fiziki aktivlik hesab olunur.
Amma bunun üçün şəhər insanı “gəzməyə məcbur” yox, “gəzməyə imkanlı” etməlidir.
Bu gün isə əsas problem məsafədə deyil. Səkilər kəsilir, baryerlər yaranır, keçidlər narahatdır, panduslar və yol kəsişmələri piyada hərəkətini çətinləşdirir.
Müasir şəhərdə piyada nəqliyyat iyerarxiyasının ən üst pilləsindədir:
piyada → mikromobillik → ictimai nəqliyyat → taksi → şəxsi avtomobil.
Bakı da bu prinsipə uyğun qurulmalıdır.
Məqsəd sadədir: şəhərin müxtəlif istiqamətlərində 3–5 km məsafəni təhlükəsiz, fasiləsiz və rahat piyada getmək mümkün olsun. Çünki piyada infrastrukturu sadəcə səki deyil. Bu, şəhərin əlçatanlığı, nəqliyyat alternativi və eyni zamanda ictimai sağlamlıq infrastrukturudur”.

















