Bu gün Türk Dövlətləri Təşkilatı Avropa ilə Asiyanın mərkəzində yerləşməsi, enerji resursları, insan kapitalı və istehsal potensialı ilə artıq dünyada yeni qlobal arxitekturanın lideri olmaq potensialına malikdir. Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvlərini də nəzərə aldıqda, hazırda ilin ilk rübünün göstəricilərinə əsasən, 674 milyard dollara çatan iqtisadi həcmimiz var.
1xeber.media xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu Bakıda Türk Dövlətlərinin Aparıcı Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, Orta Dəhliz bu baxımdan çox böyük əhəmiyyət kəsb edir.
“Çünki Orta Dəhliz Türk dünyasının coğrafi və iqtisadi baxımdan bir-biri ilə daha sıx əlaqələnməsinə imkan yaradır. Orta Dəhliz, sadəcə, Çindən Avropaya uzanan dəmir yolu və ya logistika marşrutu deyil. Bu dəhliz Türk dünyasının iqtisadi yüksəlişinin mühüm hərəkətverici qüvvəsinə çevrilə bilər. Marşrut üzərindən daşınan yüklərin həcmi qarşıdakı dövrdə üç dəfəyə qədər arta bilər. Bu isə həm tranzit imkanlarımızın genişlənməsinə, həm ticarət dövriyyəsinin artmasına, həm də region ölkələri arasında iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verə bilər”, - deyə K.Zorlu əlavə edib.

















