Sosial şəbəkələrdə keçmiş xüsusi dövlət qulluqçusu, hal-hazırda təqaüddə olan Ceyhun Hüseynovun vətəndaşlara karşı külli miqdarda dələduzluq etməsi ilə bağlı ciddi ittihamlar yayılıb.
1xeber.media xəbər verir ki, zərərçəkən Nadir Əliyevin “Milli dələduzlar” qrupunda verdiyi məlumata görə, leytenant rütbəsi ilə tərxis olunmuş C.Hüseynov özünü polkovnik kimi təqdim edərək işlədiyi qurumun və vəzifəli şəxslərin adından sui-istifadə edib.
İddialara əsasən, o, vətəndaşları iş qurmaq, borc almaq və müxtəlif vədlərlə aldadaraq külli miqdarda vəsaitini mənimsəyib.
Paylaşılan məlumatda vurğulanır ki, C.Hüseynov pulunu geri tələb edən şəxslərə və onların ailələrinə hədə-qorxu gələrək təzyiq göstərib. Şikayətçinin sözlərinə görə, zərərçəkənlərin sayı az deyil və dələduzluqda ittiham olunan şəxs artıq 5 aydan çoxdur ki, ölkəni tərk edərək Moskvaya qaçıb.
Faktla bağlı rəsmi dövlət qurumlarına məlumat verildiyi bildirilir. Zərərçəkənlər (DİN) və Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edərək məsələnin hərtərəfli araşdırılmasını, şəxsin beynəlxalq axtarışa verilərək ölkəyə gətirilməsini və qanun qarşısında cavab verməsini tələb edirlər.

















