1xeber.media xəbər verir ki, Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi, polkovnik Elnur Süleymanov və eyni idarədə çalışmış daha üç hərbçinin məhkəməsi başlayıb.
Cinayət işinə Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayev sədrlik edir.
Elnur Süleymanovla yanaşı, polkovnik-leytenant Emin Əliyev, Məsud İbrahimov və Pərviz Abdullayev də təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb. Onların dördü də hazırda azadlıqdadır.
Məhkəmənin ilk iclası media üçün qapalı keçirilib. İclas zamanı təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və ilkin dinləmələr aparılıb.
Keçmiş nazirlik əməkdaşları 1 milyon manatdan artıq dövlət vəsaitini mənimsəməkdə ittiham olunurlar. Təqsirləri məhkəmədə sübuta yetirilərsə, onları 14 ilədək həbs cəzası gözləyə bilər.
Məhkəmə istintaqının qapalı keçirilməsinə və təqsirləndirilən şəxslərin azadlıqda qalmasının davam etdirilməsinə qərar verilib.
İş üzrə növbəti, əsas məhkəmə iclası oktyabrın 2-də keçiriləcək.
Qeyd edək ki, Elnur Süleymanov daha əvvəl Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun xərcləri ilə bağlı məhkəməyə təqdim etdiyi hesabatla gündəmə gəlmişdi. Hesabatda Sadıkov üçün 6 dəst armudu stəkanın alınmasına 21 min manat, 80 ədəd çaxıra isə 8 min manat xərcləndiyi qeyd olunmuşdu.
















