Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və
nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm
enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha
geniş regionda iqtisadi əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasına da imkan yaradır.
Son illərdə TDT çərçivəsində enerji təhlükəsizliyi və nəqliyyat bağlantılarının inkişafı əsas
əməkdaşlıq istiqamətlərindən birinə çevrilib. Etibarlı nəqliyyat bağlantıları və enerji
təhlükəsizliyi regional sabitlik və iqtisadi inkişaf üçün mühüm amillərdən hesab olunur.
Azərbaycan isə əlverişli coğrafi mövqeyi və formalaşdırdığı nəqliyyat-enerji infrastrukturu ilə
bu prosesdə xüsusi rol oynayır. Ölkəmiz Mərkəzi Asiya dövlətlərinin Xəzər dənizi vasitəsilə
beynəlxalq bazarlara çıxışında tranzit imkanları təqdim edir, eyni zamanda, Avropa ilə
Asiyanın qovşağında yerləşməsi sayəsində türk dövlətləri arasında nəqliyyat, logistika, enerji
və ticarət əlaqələrinin genişləndirilməsi üçün mühüm imkanlar yaradır.
Enerji sahəsində əməkdaşlığın genişləndirilməsi də Türk dövlətləri arasında qarşılıqlı
əlaqələrin inkişafında mühüm istiqamətlərdən biridir. Azərbaycanın enerji resurslarının
beynəlxalq bazarlara çıxarılmasında əldə etdiyi təcrübə və formalaşdırdığı infrastruktur ölkənin
regional enerji təhlükəsizliyində rolunu artırır. Bu imkanların nəqliyyat bağlantıları ilə
tamamlanması isə Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın daha da dərinləşməsinə
xidmət edir. Bu baxımdan nəqliyyat və enerji təhlükəsizliyi sahəsində TDT-nin rolu getdikcə
artır.
Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər
şəxslərini qəbul edən zaman təşkilata üzv ölkələrin yerləşdiyi geniş coğrafiyanın enerji və
nəqliyyat baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Dövlətimizin başçısı bildirib ki,
TDT məkanından həm üzv ölkələr, həm də daha geniş region üçün əhəmiyyətli enerji və
nəqliyyat dəhlizləri keçir. Onun sözlərinə görə, enerji təhlükəsizliyi və etibarlı nəqliyyat
bağlantıları bu gün ümumi təhlükəsizliyin əsas elementlərindəndir. Ölkə başçısı Azərbaycanın
bu prosesdə xüsusi rolunu da qeyd edib. Prezidentin sözlərinə görə, Azərbaycan həm enerji
resurslarının beynəlxalq bazarlara çıxarılmasında, həm də Mərkəzi Asiya ölkələrinin Xəzər
dənizi vasitəsilə dünya bazarlarına çıxışında mühüm mövqeyə malikdir. Azərbaycanın Avropa
ilə Asiyanın qovşağında yerləşməsi ölkəyə nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin
həyata keçirilməsində fəal iştirak etmək, eyni zamanda, türk dövlətləri arasında iqtisadi
əlaqələrin inkişafına töhfə vermək imkanı yaradır.
Dövlətimizin başçısı qeyd edib ki, TDT ölkələrinin potensialı və onların yerləşdiyi coğrafi
mövqe təşkilatın beynəlxalq nəqliyyat və enerji məsələlərində rolunun daha da gücləndirilməsi
üçün geniş imkanlar yaradır. Bu imkanlardan səmərəli istifadə edilməsi Türk dövlətləri
arasında qarşılıqlı əlaqələrin, ticarətin və iqtisadi əməkdaşlığın daha da genişlənməsinə
xidmət edə bilər.
Azərbaycan türk dövlətləri arasında inteqrasiyanın güclənməsinə və bütövlükdə regionun
inkişafına töhfə verən ölkələrdəndir. Bu baxımdan Prezident İlham Əliyevin də qeyd etdiyi
kimi, Azərbaycan regional nəqliyyat və logistika infrastrukturunun inkişafına xüsusi dəstək
nümayiş etdirib. Bir tərəfdən Azərbaycanın coğrafi mövqeyi, digər tərəfdən Azərbaycanın
regionda formalaşdırdığı yeni düzən birmənalı şəkildə türk dövlətlərinin yaxınlaşmasına və
inkişafına dəstək kimi xarakterizə olunur. Azərbaycan həm nəqliyyat və logistika, həm də
enerji resurslarının daşınması sahəsində regionda xüsusi mövqeyə malik dövlətlərdən biridir.
Ölkəmiz bu istiqamətlərdə həm tranzit ölkə, həm də mənbə ölkə kimi çıxış edir. Bu amillər
Azərbaycanın geosiyasi mövqeyinin daha da güclənməsinə gətirib çıxarır. Xüsusilə yeni düzən
kontekstində Azərbaycanın regional orta güc dövləti kimi geosiyasi mövqeyinin daha da
güclənməsi müşahidə olunur. Eyni zamanda, bu, bütövlükdə nəqliyyat bağlantıları, həm də
türk dövlətlərinin inkişafı və türk dövlətləri arasındakı ticarət və iqtisadi əlaqələrin genişlənməsi
baxımından vacibdir.
Azərbaycan Türkiyə ilə ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq niyyətindədir.
Özbəkistanla ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəflənib. TDT-yə üzv digər
türk dövlətləri ilə əlaqələr üzrə də müəyyən hədəflər mövcuddur. Bütün bunlar ona xəbər verir
ki, türk dövlətlərinin yaxınlaşması, inkişafı və türk dövlətləri arasında əlaqələrin genişlənməsi
aydın və ölçüləbilən hədəflərlə reallaşır. Azərbaycan da məhz bu hədəflərin gerçəkləşməsinə
xüsusi töhfə verən ölkələrdəndir.
Afiq Ağayev,
H.Z.Tağıyev adına 6 saylı Sabirabad şəhər tam orta məktəbinin tarix müəllimi

















