
1xeber.media xəbər verir ki, “Türk Hava Yolları” (THY) uçuş heyətinə uzun illər tətbiq olunan saqqal qadağasını aradan qaldırıb. Yeni qaydalara əsasən, əməkdaşlara müəyyən şərtlərlə saqqal saxlamağa icazə verilib.
Yeni prosedura görə, saqqalın uzunluğu 15 millimetrdən çox olmamalı və səliqəli görünməlidir. Təbii və baxımlı saqqal, bığla birlikdə saqqal və qısa top saqqal qəbul edilən modellər sırasındadır.
15 millimetrdən uzun, dağınıq və baxımsız, eləcə də həddindən artıq formalaşdırılmış saqqallara isə icazə verilməyəcək. Seyrək və bəzi xüsusi formalı saqqallar da qaydalara uyğun hesab olunmur.

















