1xeber.media xəbər verir ki, rusiyalı reper Ciganın Moskva vilayətindəki bağ evində mühafizəçiləri və digər əməkdaşları bir neçə saat saxladığı və onlardan birinə atəş açdığı barədə məlumat yayılıb.
Hadisənin iyulun 4-nə keçən gecə “Şato Suveren” yaşayış kompleksində baş verdiyi bildirilir. Rusiya mediasının Teleqram kanallarına istinadən yaydığı məlumata görə, reper silahla evdəki əməkdaşları bir yerə toplayıb və onları müxtəlif əməllərdə ittiham edib.
Məlumata əsasən, mühafizəçilərdən biri əlindən və ayağından yaralanıb. Hadisə zamanı Ciganın uşaqlarının da evdə olduğu və qorxaraq gizləndikləri bildirilir.
Polis hadisə yerinə çağırılıb və reperin zərərsizləşdirildiyi qeyd olunur. Daha sonra onun İsraildə reabilitasiya mərkəzlərindən birinə göndərildiyi barədə məlumat yayılıb.
Hadisə ilə bağlı yayılan məlumatlar müxtəlif mənbələrdə fərqli təqdim olunur. Cigan isə “Fontanka”ya açıqlamasında atışma barədə xəbərləri yalan adlandıraraq bunun təhrif edilmiş məlumat olduğunu bildirib.




















