Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və
metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin
keçirilməsi ölkənin qeyri-neft sənayesinin inkişafı baxımından mühüm hadisədir.
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə dağ-mədən və metallurgiya
sənayesinin qarşıdakı illərdə inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm
əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Dövlət Proqramının hazırlanması bu sahəyə dövlət
səviyyəsində göstərilən diqqətin və uzunmüddətli inkişaf strategiyasının növbəti göstəricisidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətdə qeyri-neft sektorunun
inkişafı, sənaye istehsalının genişləndirilməsi, regionların iqtisadi potensialından səmərəli
istifadə və yeni iş yerlərinin yaradılması əsas istiqamətlərdəndir. Dağ-mədən və metallurgiya
sənayesinin inkişafına dair yeni Dövlət Proqramı da bu məqsədlərlə uzlaşır.
Burada söhbət yalnız yeni mədənlərin istismarından və xammal hasilatının
artırılmasından getmir. Əsas məsələ Azərbaycanın mineral-xammal ehtiyatlarının daha
səmərəli istifadəsi, hasil olunan xammalın ölkə daxilində emalının genişləndirilməsi və yüksək
əlavə dəyər yaradan məhsulların istehsalının artırılmasıdır. Bu baxımdan xammaldan hazır
məhsula qədər vahid istehsal zəncirinin yaradılması xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin 1 aprel 2026-cı il tarixli Sərəncamı ilə 2027-2030-cu illərdə
dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının hazırlanması ilə
bağlı konkret tapşırıqlar verilib. Sənəddə mineral-xammal bazasından səmərəli istifadə, hasilat
və emal mərhələləri arasında əlaqələrin gücləndirilməsi, metal emalının genişləndirilməsi və
metallurgiya məhsullarının ixrac potensialının artırılması kimi mühüm istiqamətlər
müəyyənləşdirilib.
Dövlət Proqramında alüminium sənayesinin inkişafı da xüsusi yer tutur. “Xammal-emal-
son məhsul” prinsipinin tətbiqi ilə istehsal imkanlarının genişləndirilməsi, elektroliz və
alüminium yayma məhsullarının istehsal gücünün artırılması ölkənin sənaye potensialının
gücləndirilməsinə xidmət edən mühüm addımlardır.
Prezident İlham Əliyevin regionların sənaye potensialının artırılması ilə bağlı həyata
keçirdiyi siyasət də bu prosesin mühüm hissəsidir. Gəncə və Şəmkir ərazilərində Qərb Sənaye
Parkının yaradılması, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması və sənaye
infrastrukturunun genişləndirilməsi regionların iqtisadi fəallığının artırılmasına hesablanıb.
Dağ-mədən sənayesinin inkişafında işğaldan azad edilmiş ərazilərin potensialından
istifadə də mühüm istiqamətdir. Ağdərə rayonunun Canyataq kəndində “Dəmirli” Filiz Emalı
Kompleksinin fəaliyyətə başlaması bunun konkret nümunələrindən biridir. Burada filizin emalı
və mis konsentratının istehsalı həyata keçirilir. Belə layihələr həm ərazilərin iqtisadi
potensialının reallaşdırılması, həm də ölkənin sənaye imkanlarının genişləndirilməsi
baxımından əhəmiyyətlidir.
Dövlət Proqramının qarşıya qoyduğu hədəflər kifayət qədər genişdir. 2030-cu ilədək
dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan
1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata
çatdırılması nəzərdə tutulur. 2027-2030-cu illərdə sektora 5,3 milyard manat investisiyanın
yatırılması və 5 mindən çox daimi iş yerinin yaradılması planlaşdırılır.
İnvestisiyaların həm dövlət, həm dövlət müəssisələri, həm də özəl sektor hesabına
həyata keçirilməsi bu sahənin inkişafında müxtəlif maliyyə mənbələrinin səfərbər edilməsinə
imkan verəcək.
Özəl sektorun bu prosesə cəlb edilməsi xüsusilə əhəmiyyətlidir. Çünki iri investisiya
layihələrinin həyata keçirilməsi, yeni texnologiyaların tətbiqi və istehsal imkanlarının
genişləndirilməsi üçün dövlət dəstəyi ilə yanaşı, özəl kapitalın imkanlarından da istifadə
olunması vacibdir.
Metallurgiya sənayesinin inkişafı aqrar sektor üçün də müəyyən imkanlar yaradır. Yerli
sənaye istehsalının genişlənməsi kənd təsərrüfatında istifadə olunan müxtəlif texnika,
avadanlıq və metal konstruksiyaların istehsalının inkişafına təkan verə bilər. Bu baxımdan
sənaye ilə aqrar sektor arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi regionların kompleks
inkişafına xidmət edən amillərdən biri ola bilər.
Dövlət Proqramında dəmir filizi, alüminium, mis və qızıl kimi istiqamətlər xüsusi yer tutur.
Bununla yanaşı, yeni yataqların müəyyənləşdirilməsi, geoloji-kəşfiyyat işlərinin
genişləndirilməsi və iqtisadi baxımdan səmərəli ehtiyatların sənaye dövriyyəsinə cəlb edilməsi
nəzərdə tutulur.
Azərbaycanın təbii resurs potensialından səmərəli istifadə etməklə yanaşı, əsas
məqsəd həmin resursların ölkə daxilində daha yüksək əlavə dəyər yaradan məhsullara
çevrilməsidir. Bu, həm sənayenin inkişafı, həm ixrac imkanlarının genişləndirilməsi, həm də
yeni iş yerlərinin yaradılması baxımından mühüm nəticələr verə bilər.
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı ölkənin daha
geniş sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Onun
sözlərinə görə, proqramın qarşıdakı illərdə icrası sənaye istehsalının genişləndirilməsi,
regionların iqtisadi potensialının artırılması, qeyri-neft ixracının şaxələndirilməsi və mineral
resursların iqtisadi dövriyyəyə daha geniş cəlb edilməsi baxımından yeni imkanlar yaradacaq.
Ağadadaş Həsənov,
YAP Sabirabad rayon təşkilatının məsul əməkdaşı

















