Azərbaycanın dağ-mədən sənayesi zəngin tarixə malikdir. Respublikamızda filiz
çıxarılması və metallurgiyanın inkişafı Gədəbəy, Daşkəsən və digər bölgələrdə qədim
zamanlardan başlayıb. 1636-cı ildə alman alimi Adam Oleari Gədəbəy və Daşkəsən
yataqlarından mis və dəmir filizinin çıxarılması haqqında məlumat verib. 1867-1914-cü illər
ərzində Almaniyanın “Siemens” şirkəti Gədəbəydəki yataqlardan mis, qızıl, gümüş, “Bittibulaq”
yatağından isə mis çıxarıb.
XX əsrin əvvəllərində digər alman şirkəti “Vagau” Balakən rayonunun ərazisində əlvan
metal yataqlarının axtarışı və istismarı ilə məşğul olub. Ötən əsrin ortalarında mədən
texnikasının inkişafı və bərk faydalı qazıntıların zənginləşdirilməsi ilə bir sıra faydalı filiz
yataqları istifadəyə verilib. Bunlara Daşkəsən dəmir filizi, Zəylik alunit, Daşkəsən, Paraqaçay
molibden, Gümüşlük polimetal mədənləri və digərləri daxildir.
Ölkəmizin dağ-mədən sənayesinin sürətli inkişafı isə Ulu Öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Ümummilli liderin hələ keçmiş SSRİ dövründə bu sahəyə göstərdiyi xüsusi diqqət və
qayğısı nəticəsində respublikamızda çoxsaylı dağ-mədən filiz yataqları aşkar edilib.
Göründüyü kimi, Azərbaycanda faydalı qazıntı yataqlarının kütləvi istismarına SSRİ dövründə
başlansa da, müstəqilliyin ilk illərindən etibarən həmin yataqların bəzilərinin istismarı
dayandırılıb.
Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın dağ-mədən sənayesinin inkişaf
konsepsiyası son 23 ildə ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Ötən
müddətdə sənayenin bu sahəsində əldə olunmuş nailiyyətlər ölkə iqtisadiyyatının, o cümlədən
qeyri-neft sektorunun davamlı inkişafına öz töhfələrini verib. Dövlətin iqtisadiyyatın
şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı ilə bağlı müəyyənləşdirdiyi strateji hədəflərə
uyğun olaraq Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı, Gəncə alüminium zavodu və digər
sənaye müəssisələri istifadəyə verilib. Bu da Azərbaycanda dağ-mədən sənayesinin inkişafına
təkan verməklə ölkənin iqtisadi potensialının gücləndirilməsində mühüm rol oynayıb.
Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında
2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair
Dövlət Proqramı”na həsr olunmuş müşavirədə dövlətimizin başçısı dağ-mədən sənayesinin
ölkə iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıdığını
vurğulayaraq deyib: “Bu çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni
zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş
yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə, bizim təbii resurslarımızın işlənməsi və
onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması
ölkə iqtisadiyyatını gücləndirəcək”.
Azərbaycanın dağ-mədən sənayesinin potensialı yüksək olsa da, ötən müddətdə bu
imkanlardan heç də tam istifadə olunmayıb. Təsadüfi deyil ki, bu perspektivli sahənin inkişafını
sürətləndirmək məqsədilə işlənib hazırlanmış yeni Dövlət Proqramının təqdimatına həsr
olunmuş müşavirədə ölkə rəhbəri deyib: “Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən
sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib.
Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız
işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o
cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi…
O cümlədən bizim təbii resurslarımız – qızıl, mis, molibden yataqlarımız talan edilirdi”.
Hazırda bir çox perspektivli yataqlarımızın hələ də öz geoloji kəşfiyyat dövrünü
gözlədiyini vurğulayan Prezident İlham Əliyev bu məsələlərin həlli üçün Dövlət Proqramı
əsasında çox konkret mexanizmlərin tətbiq ediləcəyini, ilk növbədə, işğaldan azad edilmiş
ərazilərdə istismarda olan yataqların tezliklə işə salınacağını diqqətə çatdırıb. Bu baxımdan
Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarında yaxın
gələcəkdə istismara başlanılacağına əminliyini ifadə edib.
Dövlətimizin başçısı ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və
metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının cəmi 4 il ərzində – 2027-2030-cu
illərdə tam icra edilməsini qarşıya mühüm vəzifə kimi qoyub. Prezident İlham Əliyevin
təbirincə, yeni proqram, eyni zamanda, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya
qoyulmuş hədəflərə tam uyğundur.
Ölkə rəhbəri müşavirədə müasir geoloji üsullarla mövcud yataqların potensial
ehtiyatlarının tam dəqiqləşdirilməsi ilə bağlı konkret tapşırıqlar da verib. Qeyd olunub ki, sovet
dövründə müəyyən rəqəmlər olsa da, o dövrdən təxminən 40 il keçdiyindən həm məlumatlar
köhnəlib, həm də bu gün yeni texnologiyalar mövcuddur. Eyni zamanda, istər sovet dövründə,
istərsə də son illərdə Naxçıvan Muxtar Respublikasının ərazisində geoloji kəşfiyyat işlərinin
lazımi səviyyədə aparılmadığını diqqətə çatdıran Prezident İlham Əliyev burada ehtimal
olunan yataqların lazımınca öyrənilmədiyini bildirib. Bu məqsədlə gələn ildən muxtar
respublikada geoloji kəşfiyyat işlərinə başlanacağı diqqətə çatdırılıb.
Ölkə Prezidenti bu yaxınlarda yaradılmış Qərb Sənaye Parkının əsas məqsədinin məhz
dağ-mədən sənayesinin inkişafı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, “Daşkəsən” filiz
yatağının istismarı və ona yaxın olan bölgələrdə digər layihələrin icra edilməsi, əlbəttə ki,
məhz Qərb Sənaye Parkının yaradılmasını şərtləndirdi. Dövlət başçısının sözlərinə görə,
burada, ilk növbədə, tezliklə infrastruktur yaradılmalıdır və bu məqsədlə büdcədə lazımi vəsait
nəzərdə tutulmalıdır.
Azərbaycanda dağ-mədən sənayesinin son məhsula qədər tam zəncirinin
yaradılmasının vacibliyini önə çəkən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Daşkəsəndə
filiz hasilatı, zənginləşdirmə, pelet və breketlənmiş dəmir zavodları yaradılmalıdır. Bununla
yanaşı, iqtisadi səmərəliliyə nail olunması üçün filizin daşınması ilə bağlı tariflərdə güzəştlərin
edilməsinin zəruriliyi vurğulanıb.
Prezident İlham Əliyev müşavirədə ölkədə metallurgiya sənayesinin, o cümlədən
alüminium istehsalının inkişaf etdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib. Dövlət başçısı
ölkə iqtisadiyyatına səmərə verə biləcək mexanizmlər tətbiq edilməklə bu önəmli sənaye
istiqamətinin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, yeni proqram
əsasında 2030-cu ilin sonuna qədər ölkəmizdə alüminium istehsalı 100 min tona
çatdırılmalıdır.
“Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və
metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın maliyyə təminatının bütün
müvafiq qurumlarla razılaşdırıldığını bildirən Prezident İlham Əliyev onun icrasında yerli və
xarici investorların da iştirakı üçün lazımi şəraitin yaradılacağını vurğulayıb.
Elşən Əsgərov,
3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı

















