1xeber.media xəbər verir ki, Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verən Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mansur Yavaşın bundan sonrakı siyasi planı ilə bağlı açıqlama verilib.
Türkiyəli jurnalist Barış Yarkadaşın sözlərinə görə, Yavaşın prezidentliyə namizədlik məsələsində əvvəlki qədər iddialı olması gözlənilmir. Jurnalist hesab edir ki, Yavaş yaxın günlərdə “Partiyamız Ankaradır” şüarı ilə çıxış edə bilər.
Yarkadaşın iddiasına görə, Yavaş bələdiyyə başçısı kimi fəaliyyətini davam etdirəcək və əsas diqqətini Ankaraya yönəldəcək.
Jurnalist həmçinin bildirib ki, Yavaşı narazı salan şəxslər arasında CHP-nin hazırkı rəhbərliyi ilə yanaşı, Özgür Özəl və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu da yer alır.
Onun sözlərinə görə, sentyabrın 9-da keçirilən görüşdən sonra İmamoğlunun Yavaşı tənqid etməsi və onu dəstəkləyən mediada “Tərəfini seç” çağırışlarının səsləndirilməsi tərəflər arasında gərginliyi artırıb.
Jurnalist əlavə edib ki, Özəl və İmamoğlunun Yavaşa münasibəti həm onun, həm də CHP elektoratının müəyyən hissəsində narazılıq yaradıb.
Qeyd edək ki, Yavaşın gələcək siyasi addımları ilə bağlı səsləndirilən bu fikirlər jurnalist Barış Yarkadaşın şəxsi dəyərləndirmələridir.

















