1xeber.media xəbər verir ki, Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivənin yaradılması nəzərdə tutulur.
Bu, “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihəsində əksini tapıb.
Layihədə sekyuritizasiya şirkətlərinə və xidmət agentlərinə dair tələblər, aktivlərin sekyuritizasiya şirkətinə satılması, sekyuritizasiya planının hazırlanması və təsdiqi, istiqrazların emissiyası, risklərin idarə olunması və şəffaflıq məsələləri tənzimlənir.
Yeni mexanizmə əsasən, kreditorlar sahib olduqları aktivlərdən gələcəkdə əldə ediləcək pul vəsaitlərini əvvəlcədən əldə etmək üçün həmin aktivləri sekyuritizasiya şirkətinə sata biləcəklər. Şirkət isə alınmış aktivlər əsasında sekyuritizasiya olunmuş istiqrazlar buraxacaq.
Hər bir sekyuritizasiya prosesinin Azərbaycan Mərkəzi Bankının təsdiq etdiyi plan əsasında həyata keçirilməsi nəzərdə tutulur. Planda prosesin iştirakçıları, aktivlər, mövcud risklər və onların azaldılması üsulları barədə məlumatlar yer almalıdır.
Layihəyə əsasən, aktivlərin satıcısı həmin aktivlər əsasında buraxılan istiqrazların ən azı 5 faizini özü əldə etməli və onları tədavül müddətinin sonunadək saxlamalıdır.
Qanun layihəsinin qəbul ediləcəyi təqdirdə sekyuritizasiyanın qiymətli kağızlar bazarında likvidliyin idarə olunmasına, likvid olmayan aktivlərin qiymətli kağızlara çevrilməsinə və investorlar üçün yeni investisiya imkanlarının yaranmasına şərait yaradacağı gözlənilir.

















