Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçiriləcəyi tarix məlum olub.
1xeber.media APA -ya istinadla xəbər verir ki, qurultay oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçiriləcək. Artıq bununla bağlı qurultay iştirakçıları bu gün məlumatlandırılıb.
YAP-ın sonuncu qurultayı 2021-ci il martın 5-də keçirilib. YAP-ın Nizamnaməsinə əsasən, qurultay Partiyanın İdarə Heyəti tərəfindən 5 ildə bir dəfədən az olmayaraq çağırılır.
VIII Qurultayına hazırlıqla bağlı partiyanın rayon təşkilatlarının konfransları 10 gündür başlayıb və bir neçə rayon istisna olmaqla artıq demək olar bütün rayonlarda konfranslar keçirilib, qurultaya nümayəndələr seçilib.
Məlumata görə, YAP-ın İdarə Heyətinin 40 nəfərdən ibarət hazırkı tərkibində dəyişikliklər nəzərdə tutulub. Qeyd edək ki, hazırkı İH YAP-ın VII qurultayında seçilib. Həmin qurultaya qədər hakim partiyanın İdarə Heyətinin tərkibi 20 nəfərdən ibarət idi. Qurultayda tərkib iki dəfə artırılıb və partiyanın yeni İdarə Heyəti formalaşıb.
Növbəti qurultayda hazırkı tərkibdə dəyişikliklər olacağı, yeni simaların İH üzvü seçiləcəyi bildirilir. Artıq YAP-ın bəzi tanınmış şəxsləri Prezident Adminsitrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin vəzifədə olan zamanlarda partiyanın rəhbər strukturlarına yerləşdirdiyi şəxslərin tamamilə kənarlaşdırılmasının vacibliyini bəyan ediblər. Bu da onu deməyə əsas verir ki, Mehdiyevə bağlı hesab edilən şəxslər qurultayda və qurultaydan sonra YAP-da mövqelərini itirəcəklər. İdarə Heyətinə və bir sıra rayon təşkilatlarının sədrliyinə gənc YAP-çıların gətiriləcəyi gözlənilir.
Eyni zamanda Musavat.com-un xəbərinə görə, qurultayda hakim partiyada idarəetmə sistemində struktur dəyişikliklərinin həyata keçirilməsi də planlaşdırılır.

















