1xeber.media xəbər verir ki, 2027-ci ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 3,4 milyard manat vəsait ayrılması nəzərdə tutulur.
Bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində 2027-ci il dövlət və icmal büdcə layihələrinin, eləcə də növbəti üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsi zamanı deyib.
Əli Əsədov bildirib ki, 2020-ci ildən 2026-cı il də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması məqsədilə dövlət büdcəsindən ümumilikdə 25 milyard manatdan çox vəsait ayrılıb.
Baş nazirin sözlərinə görə, 2027-ci ilin dövlət büdcəsində investisiyayönümlü strategiyanın və dövlət proqramlarının maliyyələşdirilməsi üçün kifayət qədər vəsait nəzərdə tutulur.
O qeyd edib ki, 2025-ci ildə və 2026-cı ilin ötən dövründə su, nəqliyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi və turizm sahələrini əhatə edən dövlət proqramları qəbul edilib. Həmin proqramlar çərçivəsində əsas prioritet istiqamətlər müəyyənləşdirilib.

















