Sentyabrın 24-də Xankəndi Mədəniyyət Mərkəzində Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.
1xeber.media xəbər verir ki,Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə Azərbaycan musiqi mədəniyyətinin müxtəlif janrlarını əhatə edən repertuar nümayiş etdirilib.Konsert proqramı Aslan Muradoğlu və saz sinfinin tələbələrinin ifasında “Ovşarı” aşıq havası ilə başlayıb. Ardınca Teyyub Dəmirovun Aydın Əliyevin işləməsində “Yeni rəqs” əsəri Aydın Əliyev və tələbələrinin ifasında səsləndirilib.
Proqramda həmçinin Adil Bəbirovun “Bənövşə”, Hacıbaba Həsənovun “Yağma yağış”, “Çahargah” kompozisiyası və “Şur rəngi” təqdim olunub. Konsertin əsas hissələrindən birini xanəndəlik və muğam ifaları təşkil edib. Xan Şuşinskinin “Şuşanın dağları” mahnısı Səbinə Ərəbli və tələbələrinin ifasında, Hüseynağa Səmədovun (tar), Xalq artisti Elşən Mansurovun (kamança) və İlqar Süleymanlının (nağara) müşayiəti ilə səsləndirilib.
Proqram çərçivəsində Əməkdar artist Səbuhi İbayev və Səma Soltanovanın ifasında “Segah” təsnifi, Əməkdar artist Ehtiram Hüseynovun tələbələrinin ifasında “Şur” təsnifləri təqdim edilib. Həmçinin “Qara xal yar” və “Qobustan” ritm kompozisiyaları tamaşaçılara çatdırılıb. Konsert Əməkdar artist Firuz Səxavətin ifasında “Bir sən idin ömrümün bəzəyi” adlı “Şur” təsnifi ilə yekunlaşıb. Azərbaycan milli musiqisinin müxtəlif nümunələrinin təqdim olunduğu konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.























