Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bu gündən etibarən bütün İran aviaşirkətlərinin ölkəyə və ölkədən uçuşlarını müvəqqəti olaraq dayandırıb.
1xeber.media “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin Mülki Aviasiya İdarəsi rəsmi məlumat yayıb.
Bu qərar Birləşmiş Ştatların İran daşıyıcılarının dünya üzrə hava limanlarına çıxışını qadağan etməsi fonunda qəbul edilib. Məhdudiyyətlərin xüsusi sərəncama qədər qüvvədə olacağı, aviaəlaqənin bərpa edilməsi barədə məlumatların isə yeniliklər daxil olduqca yayımlanacağı bildirilir.
Gecə yarısından etibarən İran aviaşirkətlərinin BƏƏ-yə bütün reysləri ləğv edilib. Hətta sərnişinlərin artıq bilet aldığı “Iran Airtour” şirkətinin Tehran-Dubay reysi də uçuşa az qalmış təxirə salınıb.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi İranın aviasiya sektoruna qarşı yeni sanksiyalar elan edib və bu məhdudiyyətlər 27 aviaşirkəti əhatə edib. Nazirliyin rəhbəri Skott Bessent xəbərdarlıq edib ki, İran daşıyıcılarına yanacaq, eniş xidmətləri göstərən və ya bilet satan aeroportlar və şirkətlər ABŞ dolları maliyyə sistemindən ayrılmaq riski ilə üz-üzədirlər.
ABŞ-nin tətbiq etdiyi sərt məhdudiyyətlər fonunda İran aviaşirkətlərinin Azərbaycan, Gürcüstan, İraq və Omana olan reysləri də ləğv olunub.

















