Bu şəkil bu gün Vaşinqtonda, Ağ Evdə çəkilib. Görüntünün mərkəzində ABŞ-nin prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri (prezidenti) Si Cinpindir (Tszinpin kimi qeyd olunur).
Onların yanında öz həyat yoldaşları dayanıb: ABŞ-nin birinci ledisi Melaniya Tramp və Çinin birinci xanımı Pen Lyuan.
Si Cinpinin birinci həyat yoldaşı Ke Linlin olub. Hazırda o, İngiltərədə yaşayır.
Şəkildə diqqəti dərhal cəlb edən bir nüans var. Həm Tramp, həm də Cinpin eyni rəngdə kostyum geyib, eyni rəngli qalstuk taxıblar.
Bu, təsadüfi deyil. Görünür, görüşü təşkil edən protokol xidmətləri öncədən liderlərin kostyum və qalstuklarının hansı rəngdə olacağını razılaşdırırlar ki, həmahənglik olsun. Bu çoxsaylı fotoqrafların və operatorların kamerası önündə poza vermək üçündür, tərəflərin razılaşmaya meylli olmasını görk etmək məqsədi daşıyır.
Əlbisənin həmrəng olmasına baxmayaraq, tərəflərin xasiyyətləri, bir-birinə və dünyaya baxışları çox fərqlidir. Cinpin ağırtaxtalı siyasətçidir, Tramp isə çilğindir.
Tramp üçün ölkəsinin ən böyük rəqibi Çindir. O, Çinin fenomenal tərəqqisini durdurmaq, dünya hegemonu olmasının qarşısını almaq, onu öz regionunda oturtmaq üçün hər şeyə hazırdır və hər gün cürbəcür fəndlər düşünür.
Cinpin də Çinin dünyada yeganə güclü rəqibinin ABŞ olduğunu, bu dövlətin “səmaaltı imperiya”ya hər cür maneə törətdiyini bilir və ölkəsinin tutub getdiyi yolda tövrünü pozmadan irəliləməsini təmin edir.
Onların şəkil çəkdirərkən belə bir-birindən məmnun olmadıqları açıq-aşkar hiss olunur. Amma tərəflərin başqa variantları yoxdur, görüşməli, danışmalı, nələrdəsə razılaşmalıdırlar.
ABŞ ilk dəfədir ki, özünü “iki qoçun başının bir qazanda qaynaması” perspektivi ilə hesablaşmağa məcbur edir. Bu dövlət SSRİ-nin başını 46 ilin içində (1945-1991) yeyə bilsə də, eyni şeyi Çinə qarşı edə biləcəyinə şübhə edir.
Vaxtilə Qorbaçovun ilk islahatlarının SSRİ-ni dağıdacağını bilərək Kremlə xəbərdarlıq edən Çin lideri Den Syaopinin siyasi xələfi Si Cinpin də Moskvanın səhvlərini təkrar etmək niyyətində deyil.
Bu baxımdan tərəflərin eyni rəngli kostyum və qalstukları görüntü üçündür, aradakı intriqa davam edir.

















