Ədliyyə Nazirliyi vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə mütəmadi olaraq videoqəbullar təşkil edir.
1xeber.media xəbər verir ki, sentyabrın 24-də Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini Abiddin Hüseynov tərəfindən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi və Bərdə regional ədliyyə idarəsi ilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbul keçirilib.
Virtual qəbul məntəqələri vasitəsilə keçirilən videoqəbulda Nazirliyin Notariat, qeydiyyat və reyestr baş idarəsinin və Tibb baş idarəsinin fəaliyyət istiqamətləri ilə bağlı 4 vətəndaşın müraciəti dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün [email protected] elektron poçt ünvanına və ya Nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.


















